Əli Əsədova yeni vəzifə tapşırılıb
Tarix: 06-03-2024 17:56 | Bölmə: İqtisadiyyat
Əli Əsədova yeni vəzifə tapşırılıb

Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 3 iyun 2015-ci il tarixli qərarında dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Səhiyyə Nazirliyi dərman vasitələrinin dövlət reyestrinin məlumatlarındakı dəyişiklikləri (dövlət qeydiyyatı müddətinin bitməsi, yenidən dövlət qeydiyyatına alınması, istehsalçının dəyişməsi, istehsal ölkəsinin dəyişməsi, yeni qablaşdırma miqdarı) ayda bir dəfə elektron formada Tarif (Qiymət) Şurasının Katibliyinə təqdim edəcək.

Bu Qərarda dəyişiklik ölkə prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

Bundan başqa, Səhiyyə Nazirliyinin dövlət qeydiyyatına alaraq Dərman vasitələrinin dövlət reyestrinə daxil etdiyi dərman vasitələrinin (yalnız ixrac üçün ölkədə istehsal edilmiş dərman vasitələri istisna olmaqla) topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini Tarif (Qiymət) Şurası tənzimləyəcək.

Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra 1 ay müddətində ərizəçilər onun qiymətinin tənzimlənməsi üçün Şuraya müraciət edir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün sənədlərin qəbulunu və araşdırılmasını Katiblik həyata keçirir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər