Sanksiyalara əməl olunmur: Avropadan Rusiyaya tədarük davam edir
Tarix: 13-03-2024 12:04 | Bölmə: İqtisadiyyat
Sanksiyalara əməl olunmur: Avropadan Rusiyaya tədarük davam edir

Avropa şirkətləri sanksiyalardan yan keçərək Rusiyanın “Arctic LNG 2” enerji layihəsi üçün kritik avadanlıqlar tədarük edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Moskov Times” qəzetinin “Arctida” qeyri-kommersiya təşkilatı ilə birgə apardığı araşdırmada deyilir.

Avropa İttifaqı (Aİ) hələ 2022-ci ilin mayında mayeləşdirilmiş təbii qazın istehsalı üçün avadanlıqların Rusiyaya satışına qadağa qoysa da, tədarüklər ən azı 2024-cü ilin yanvarına qədər davam edib. Rusiya gömrüyünün rəsmi məlumatlarına əsasən, jurnalistlər ümumilikdə ən azı 580 milyon avro dəyərində avadanlıqların tədarük olunduğunu müəyyən ediblər.

Ən böyük tədarükçülər İtaliya (112 milyon avro), Fransa (31,6 milyon avro), Almaniya (25 milyon avro), Hollandiya (12,8 milyon avro) və İspaniya (8 milyon avro) şirkətləri olub. Avadanlıq Çin vasitəsilə Rusiyaya idxal edilib, lakin 2023-cü ildə İtaliya tədarükünün təxminən 11 faizi birbaşa İtaliyadan gətirilib.



Neft və qaz bazarının eksperti Mixail Krutixinin sözlərinə görə, istehsalçılar həmişə vasitəçilərə satılan avadanlıqların hara getdiyini izləyə bilmirlər, lakin o, birbaşa sövdələşməni istisna etməyə hazır deyil.

“Arctida”nın direktoru İlya Şumanov qeyd edib ki, ruslara satılan avadanlıqların heç olmasa, bir hissəsi “olduqca spesifikdir”. “Buna görə də biz hesab edirik ki, Avropa təchizatçılarının menecerləri onun hansı layihələrdə istifadə oluna biləcəyini anlamalı idilər”.

Xatırladaq ki, Rusiya sanksiyalara baxmayaraq, dəbdəbəli Britaniya avtomobillərini almağa davam edir. Təchizatı məhdudlaşdırılan nəqliyyat vasitələri keçmiş SSRİ ölkələri vasitəsilə Rusiya Federasiyasına daxil olur. Avropa İttifaqının sanksiyalardan yayınmada iştirak edənləri daha sərt cəzalandırmaq qərarına gəldiyi də bəllidir, amma ümumilikdə bu prosesin qarşısını almaq olmur.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər