Rusiya ilə qazın tranziti və alışı müqaviləsi uzadılmayacaq
Tarix: 18-03-2024 13:12 | Bölmə: İqtisadiyyat
Rusiya ilə qazın tranziti və alışı müqaviləsi uzadılmayacaq

Ukrayna Rusiyanın “Qazprom” şirkəti ilə 31 dekabr 2024-cü ildə müddəti bitəcək tranzit müqaviləsini yeniləməyi planlaşdırmır.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib.

“Biz heç bir əlavə saziş bağlamağı və ya bu müqaviləni uzatmağı planlaşdırmırıq”, - o deyib.

Qaluşenko xatırladıb ki, 2023-cü ildə Ukraynanın qaz nəqli sisteminin və yeraltı qaz anbarlarının stress-sınağı keçirilib və sistem tranzitsiz işləyə biləcəyini nümayiş etdirib.

Həmçinin Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bəyan edib ki, Avropa İttifaqı (Aİ) Rusiya ilə tranzit müqaviləsinin uzadılmasında maraqlı deyil.

“Aİ-nin “RepowerEU” təşəbbüsü var ki, 2027-ci ilə qədər Avropa ölkələri Rusiya qazından, təkcə boru kəməri qazından deyil, bütün qazdan, o cümlədən LNG-dən tamamilə xilas olacaq”, - nazir qeyd edib.

Onun sözlərinə görə, hazırda bazarda Rusiya qazına kifayət qədər alternativ var, bir sıra Avropa ölkələri artıq bu yolu tutublar. Məsələn, Almaniya Rusiya qazından asılılığını il yarım ərzində demək olar ki, sıfıra endirib. Bu arada, Ukrayna xüsusilə yerli qaz hasilatını artırmaqla enerji təhlükəsizliyini və müstəqilliyini fəal şəkildə gücləndirir.

Qeyd edək ki, 2019-cu il dekabrın 30-da Ukraynanın “Naftoqaz” şirkəti Rusiyanın “Qazprom” şirkəti ilə Ukrayna ərazisindən Avropa İttifaqı ölkələrinə qaz tranziti üçün beşillik müqavilə imzalayıb. Sənəd ilk ildə 65 milyard kubmetr, sonrakı illərdə isə minimum 40 milyard kubmetr mavi yanacağın təminatlı verilməsini nəzərdə tuturdu.

Ukraynanın baş naziri Denis Şmıqal bəyan edib ki, Avropa ölkələrinin qaza ehtiyac olarsa, Ukrayna tranziti davam etdirməyə hazırdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər