Daha 163 dövlət əmlakı hərraca çıxarılacaq
Tarix: 29-03-2024 11:16 | Bölmə: İqtisadiyyat
Daha 163 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aprelin 9-da, 16-da, 23-də və 30-da keçirəcəyi hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi və 158 nəqliyyat vasitəsi (ümumilikdə 163 dövlət əmlakı) çıxarılacaq.

Reyting.az
 xəbər verir ki, hərracda iştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Ucar İnşaat Xidmət”, “Əli Bayramlı Konserv”, “Biləsuvar Broyler” və “Zaqatala Fındıq” səhmdar cəmiyyətləridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 25 676 - 838 868 manat arasında dəyişir.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi Ağstafa rayonundakı "Qərb Tekstil" MMC-dir. İnvestorlara 1 710 500 manat ilkin qiymətlə təklif olunan müəssisənin ümumi faydalı sahəsi 4.188 kvadratmetr, torpaq sahəsi isə 12.000 kvadratmetrdir.

Hərraclara çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya, Almaniya, İtaliya və Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1978-2018-ci illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər