Qida Təhlükəsizliyi Agentliyi ekspert və şərhçiləri polislə hədələyir - Bəyanat
Tarix: 23-04-2024 10:56 | Bölmə: İqtisadiyyat
Qida Təhlükəsizliyi Agentliyi ekspert və şərhçiləri polislə hədələyir

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida mövzusunda səhv məlumatlar yayan və əhalini çaşdıran ekspertləri polisə və məhkəməyə verəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi bəyanat yayıb.

Agentlik bildirir ki, son dövrlərdə əhalinin bu sahəyə həssaslığından sui-istifadə edən bəzi “ekspertlər” və “mütəxəssislər” sosial şəbəkələrdə, sayt və bir sıra televiziya kanallarında qida təhlükəsizliyi kimi ciddi mövzuya məsuliyyətsiz yanaşmaqla, həqiqətə uyğun olmayan populist bəyanatlar yayır, vətəndaşların diqqət və maraq dairəsinə daxil olmaq üçün uğursuz cəhdlər göstərirlər.

Bəyan edirik ki, əhalinin təhlükəsiz qida ilə təmin olunması, gələcək nəsillərin sağlamlığı kimi vacib məsələləri özündə ehtiva etdirən mövzularla ali təhsili, elmi təcrübəsi, eləcə də xüsusi bilik və bacarıqları olan şəxslər məşğul olmalı, yaxud ekspert qismində çıxış etməlidirlər.

Xüsusən də, mövzunun həssaslığını nəzərə alaraq, bu cür məsələlərdə media vasitələri diqqətli olmalı, təsadüfi insanlara meydan verməməlidirlər. Çünki yayılan hər hansı əsassız bir fikir və yanlış rəy görülən işlərə kölgə salmaqla yanaşı, insanlar arasında yersiz təşviş və çaşqınlığın yaranmasına gətirib çıxara bilər.

«Aparılan araşdırma və təhlilləri nəzərə alaraq, Agentlik həmin “ekspertlər”in əməllərinə hüquqi qiymət verilməsi üçün müvafiq olaraq hüquq-mühafizə orqanlarına müraciət edəcəkdir»-deyə bəyanatda bildirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər