AQTA quşçuluq məhsullarının satışı ilə bağlı sahibkarlara müraciət edib
Tarix: 01-02-2021 18:29 | Bölmə: İqtisadiyyat
AQTA quşçuluq məhsullarının satışı ilə bağlı sahibkarlara müraciət edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarları Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş quş qripi xəstəliyi ilə bağlı məsələlərdə daha diqqətli olmağa və məsuliyyətlə yanaşmağa, eyni zamanda satış üçün quş əti və digər quşçuluq məhsulları qəbul edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.

Reyting.az
xəbər verir ki, quş əti və quşçuluq məhsullarının satışı ilə məşğul olan ticarət şəbəkələri quşçuluq məhsulları qəbul edərkən AQTA-nın verdiyi baytarlıq şəhadətnaməsi və ya arayış tələb etməlidirlər.

Müvafiq sənəd olmadan qəbul edilən məhsul mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsul hesab olunur və özündə risk daşıyır. Belə hallar aşkarlanarsa, ticarət müəssisəsinin rəhbərliyi inzibati məsuliyyət daşıyır və bu kimi halların qarşısı qətiyyətlə alınacaqdır.

AQTA bəyan edir ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün daxili bazarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların satışı əsas amillərdən biridir və bu istiqamətdə nəzarət tədbirləri mütəmadi olaraq davam etdiriləcəkdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər