Vüqar Bayramov: “Son tendensiya neft ölkələri üçün arzuolunandır”
Tarix: 09-02-2021 10:46 | Bölmə: İqtisadiyyat
Vüqar Bayramov: “Son tendensiya neft ölkələri üçün arzuolunandır”

“Qlobal pandemiya elan ediləndən sonra neftin bir bareli ilk dəfə 60 dollardan baha satılır. OPEK+ ölkələrinin öhdəliklərə əməl etməsi, Səudiyyə Ərəbistanının hasilatı gözlənildiyindən daha çox azaltması qlobal neft təklifini azaldıb. Bu isə bazardakı tarazlığa təsir göstərərək qiymətin artmasına səbəb olub”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, vaksinasiya səviyyəsinin yüksəlməsi pandemiyanın miqyasının azalacağına ümidlər yaradıb. Bu isə investorların neft bazarına marağını artırıb. V. Bayramov əlavə edib ki, pandemiyanın lokallaşdırılması yenidən real sektorun canlanmasına və neftə tələbin artmasına səbəb ola bilər.

İqtisadçı-alim qeyd edib ki, ABŞ-dakı sonuncu dəstək paketi də ən böyük neft istehlakçısı olan Birləşmiş Ştatlarda iqtisadi canlanma ilə bağlı proqnozları gücləndirib və bu da neft bazarına təsirsiz ötüşməyib:

“Gündəlik neft ixracatı 688,8 min barrel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır. 2021-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 35 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxilolmalar artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Bununla yanaşı, OPEK+ anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər