Asim Mollazadə: “Problemlər həm prezident seçkiləri, həm də...”
Tarix: 04-06-2020 13:46 | Bölmə: Siyasət
Asim Mollazadə: “Problemlər həm prezident seçkiləri, həm də...”

“Seçki çətinlikləri, siyasi problemlər və siyasi qarşıdurmalar ABŞ-da indi müşahidə edilən mənzərəyə gətirib çıxarır. Belə hallar Amerikada dəfələrlə olub. Bu gün ABŞ-da baş verənlər həm qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır, həm də koronavirusun problemlərindən doğur. Bəzi siyasi qüvvələr isə Amerikada xaos yaratmaq məqsədilə yaranan vəziyyətdən məharətlə istifadə edirlər”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Asim Mollazadə ABŞ-da polis-vətəndaş qarşıdurması ilə müşaiyət olunan etiraz aksiyalarını şərh edərkən deyib.

Amerikanın dövlət kimi böyük gücü və potensialı olduğunu qeyd edən deputatın sözlərinə görə, müşahidə olunan bu problem cilovlanacaq: “Amma hansısa güclər ölkədə xaos yaratmaq məqsədilə radikal qüvvələrdən istifadə edir”.

ABŞ siyasi sistemini yaxından bilən Asim Mollazadənin qənaətincə, bu prosesdə bir hədəf də indiki prezident Donald Trampı zəiflətməkdir: “Sözsüz ki, hər iki tərəfdə problemlər var. Və təəssüf yaradan odur ki, ABŞ-ın hər zaman ağrılı yeri olan rasizmdən bu siyasi proseslərdə də istifadə edilir”.

Mollazadə ABŞ-da yaşanan bu mənzərənin daha böyük fəsadlara səbəb olacağını düşünmür: “Mənə elə gəlir ki, qısa müddətdən sonra bu proseslər cilovlanacaq. Mən çoxları kimi, Trampın seçkilərə qədər istefa verəcəyini düşünmürəm. Əksinə, seçkilərin nəticələrinin necə olacağı, maraqlı siyasi qüvvələrin bundan necə istifadə edəcəyi bəlli deyil. Amma mən Donald Trampın seçkilərdə qələbə qazanacağını istisna etmirəm”.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}