İqbal Ağazadə: "Qurban Məmmədovun siyasətinə qarşı olun, lakin ailəsinə, balalarına əl uzatmayın"
Tarix: 06-09-2020 13:16 | Bölmə: Siyasət
İqbal Ağazadə: "Qurban Məmmədovun siyasətinə qarşı olun, lakin ailəsinə, balalarına əl uzatmayın"

"Qurban Məmmədovun ailə üzvlərinin və ev əşyalarının yaşadıqları ünvandan çıxarılmasını ürək ağrısı ilə izlədim. Ölkəmizin gələcəyini düşünün. Ataların bəyənmədiyiniz, qəbul etmədiyiniz, hətta düşmən olduğunuz mövqeyinə görə balalara bədəl ödətməyin".

Reyting.az
xəbər verir ki, bu sözləri Ümid Partiyasının lideri İqbal Ağazadə hazırda Avropada yaşayan hüquqşünas Qurban Məmmədovun evinin sökülməsindən danışarkən deyib. Qarabağ qazisi bildirib ki, hazırkı dövrdə münasibətlər sistemini yalnız hüquq tənzimləməlidir: "21-ci əsrdə münasibətlər sistemini tənzimləyən tək vasitə hüquqdur. Təəssüf ki, biz bunun şahidi olmuruq. Adamların siyasi mövqeyinə, yanaşmalarına görə ailə üzvlərinə sitəm etmək olmaz. Zinhar olmaz. Bu, gələcək münasibətlərdə aqressivliyi, qarşıdurmanı, qisası diktə edən siyasətdir. Durun, dayanın!"

Q. Məmmədovun onu da tənqid etdiyini deyən İ. Ağazadə əlavə edib: "Qurban Məmmədovun siyasətini, dediklərini, münasibətini qəbul etməyin, ona qarşı olun, əks təbliğat aparın, lakin ailəsinə, balalarına əl uzatmayın. Hər biriniz qədər öz efirində məni də aşağılayıb, satqın adlandırıb, bəzən qeyri-etik ifadələrdən də çəkinməyib, lakin bu heç birimizə əsas vermir ki, onun əmlakı üzərində qeyri-hüquqi qərar verək, övladlarını çölə ataq".

Daha sonra Partiya sədri hamıya səslənərək fikirlərini belə ifadə edib:

"Hamıya səslənirəm! Bu münasibətlər bizi qarşıdurmaya, qisasa sürükləyir. Azərbaycan üçün, vətənimiz üçün dayanın, durun, mövqeyinizdən çəkilin.

Unutmayın ki, 21-ci əsrdəyik. Mənə kimin hansı mövqedə olması, hansı qruplaşmayla necə münasibət saxlaması, hansı oyunlar oynaması bəllidir. Lakin hər bir halda hər şeyi hüquq həll etməlidir, kimlərinsə yanaşması yox".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}