Azərbaycan və Rusiyanın XİN rəhbərləri arasında telefon danışığı olub
Tarix: 05-10-2020 23:13 | Bölmə: Siyasət
Azərbaycan və Rusiyanın XİN rəhbərləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, nazir Sergey Lavrov bölgədəki artan gərginliyin narahatlıq doğurduğunu bildirib. Gərginliyin aradan qaldırılması və tərəflərin siyasi dialoqa qayıtmasının vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov öz növbəsində Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanlı mülki əhalini və infrastrukturu atəşə tutması, ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri Mingəçeviri, habelə cəbhə bölgəsindən uzaqda yerləşən digər şəhərlərdəki sıx məskunlaşma qəsəbələrinin hədəfə alınması barədə Rusiyalı həmkarına məlumat verib. Mülki insanlar arasında itkilərin olduğu vurğulanıb. Ermənistanın bu əməllərinin beynəlxalq humanitar hüququn ciddi pozulması halı olduğunu qeyd edən C.Bayramov yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.




Bölməyə aid digər xəbərlər