Rasim Musabəyov: “Azərbaycan öz tələblərindən geri çəkiləsi deyil”
Tarix: 09-10-2020 19:37 | Bölmə: Siyasət
Rasim Musabəyov: “Azərbaycan öz tələblərindən geri çəkiləsi deyil”

“Nikol Paşinyan hər gün zarıyır, onların müqavimət gücü zəifləyib. Müdafiə sistemi demək olar ki, iki günə dağıla bilər. Buna görə də, azı iki günə prosesi saxlamaq və nəfəslərini alaraq müdifəni təşkil etmək istəyirlər. Çünki onların müdafiə sistemi qırılmaq üzrədir”.

Bu fikirləri Reyting.az-a Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistana müraciət edərək əsir və cəsədlərin dəyişdirilməsinə dair çağırışını şərh edən Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

Onun fikrincə, ilk növbədə atəşkəs əldə edilməlidir ki, bundan sonra müşahidəçilər bölgəyə gələ bilsin: “Ancaq bunun üçün erməni tərəfi də atəşi kəsməlidir. Mən buna qətiyyən inanmıram. Onlar hər bir vəhclə çalışacaqlar ki, mövqe tutub desinlər ki, biz buradan çəkilməmişik və belə niyyətimiz də yoxdur. Yəni deyəcəklər ki, yenidən köhnə xəttə müşahidəçi qoyaq və Azərbaycanda çəkilsin kənara. Erməninin məqsədi budur. Amma bu artıq mümkün deyil”.

Politoloq hesab edir ki, humanitar hüququn təmin edilməsi üçün prosesi iki gün uzatmağa çalışacaqlar: “Düşünürəm ki, Azərbaycan öz tələblərindən geri çəkiləsi deyil. Ola bilsin ki, orada yığışdırılmayan cəsədlər var. Amma nəzərə alın ki, qabağa biz getmişik. Deməli, məntiqlə onların biz tərəfdə olan cəsədləri daha çoxdur, nəinki onlar tərəfdə bizim cəsədlərimiz. Elə əsirlər məsələsi də buna bənzəyir. İndi humanitar hüququn işləməsi ermənilərə həm buna, həm də nəfəslərini dərmək üçün lazımdır. Onların canlı qüvvəsi azalıb, texnikası dağılıb, yanacaq gətirə bilmirlər. Onların müdafiə sistemi demək olar ki, pozulub. Sadəcə, bizim müəyyən nöqtələri ələ keçirmək üçün zamana ehtiyacımız var”.




Bölməyə aid digər xəbərlər