Partiya sədri: “Təhlükəsizlik Şurası təcavüzkarı və işğalı müdafiə edən qətnamə çıxara bilməz”
Tarix: 17-10-2020 13:24 | Bölmə: Siyasət
Partiya sədri: “Təhlükəsizlik Şurası təcavüzkarı və işğalı müdafiə edən qətnamə çıxara bilməz”

“Oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Qarbağ probleminin dünyanın siyasi gündəminə gəlməsi baxımından müsbət hadisədir. Ancaq Təhlükəsizlik Şurasının hansı qərar çıxaracağını indidə demək çətindir. Ehtimal edirəm ki, Təhlükəsizlik Şurasının qapalı iclasından sonra tərəflər sülhə çağırılacaqlar”.

Bu sözləri Reyting.az-a Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ konfliktinin müzakirəyə çıxarılması və orada veriləcək qərardan danışarkən deyib.

Q. Əlibəyli güman edir ki, Təhlükəsizlik Şurası daha çox atəşkəsin əldə edilməsini vurğulayacaq: “Ancaq Azərbaycan humanitar atəşkəs elan edib və ona əməl də edir. Sadəcə, biz özümüzə olan hücumları dəf edirik. Atəşkəs istəyən dünya Ermənistanın Gəncəni raket atəşinə tutmasına reaksiya verməlidir. Mən başqa qərar gözləmirəm. Amma hesab edirəm ki, Azərbaycan tərəfi bu müzakirələrdə iştirak edəcəksə, son dövrlər qətlə yetirilən mülki şəxslərin və obyektlərin vurulması, habelə dinc əhaliyə hücumların edilməsinə dair məsələni qaldıra, Təhlükəsizlik Şurasından bu hərbi cinayətlərin Beynəlxalq Cinayət Məhkəməsinə daşımasını tələb edə bilər”.

Q. Əlibəyli hesab edir ki, BMT Təhlükəsizlik Şurası Azərbaycana təzyiq edərək sülhə məcbur edə bilməz: “Onsuz da bizi 30 ildir sülhə məcbur etməyə çalışırlar. Bundan sonra məcburi sülhə necə məcbur edəcəklər? İnanmıram ki, bu qurum təcavüzkarı və işğalı müdafiə edən qətnamə qəbul etsin”.




Bölməyə aid digər xəbərlər