Azərbaycan XİN: “İranın Ali Rəhbərinin dəstəyini yüksək qiymətləndiririk”
Tarix: 04-11-2020 09:53 | Bölmə: Siyasət
Azərbaycan XİN: “İranın Ali Rəhbərinin dəstəyini yüksək qiymətləndiririk”

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamnəinin Azərbaycana dəstəyi ilə bağlı açıqlama yayıb.

Reyting.az
xəbər verir ki, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamnəi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verilən açıqlama və Azərbaycanın ərazi bütövlüyünə dəstək yüksək qiymətləndirilir:

“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad olunmalıdır və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır”, - deyən Ali Rəhbər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İran İslam Respublikasının qəti dəstəyini növbəti dəfə bəyan edib”.

XİN-nin açıqlamasında dost İran dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səyləri, o cümlədən İran İslam Respublikası Prezidentinin xüsusi elçisi, Xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçinin bölgəyə səfəri və münaqişənin tezliklə həllinə dair təşəbbüslə çıxış etməsi də yüksək dəyərləndirilir.

“İnanırıq ki, ölkələrimiz arasında tarixi köklər üzərində qurulmuş əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək və bu əlaqələr, o cümlədən bölgədə sülh, sabitlik və rifahın təmin olunmasına xidmət edəcəkdir", - deyə Azərbaycan XİN-nin açıqlamasında bildirilir.




Bölməyə aid digər xəbərlər