Çin Yaxın Şərqdə təsirini artırır
Tarix: 13-06-2023 17:23 | Bölmə: Slayd
Çin Yaxın Şərqdə təsirini artırır

Fələstin prezidenti Mahmud Abbas Çinin vasitəçilik təşəbbüsləri ilə Yaxın Şərqlə iqtisadi əlaqələrini və bölgədəki siyasi təsirini artırdığı bir vaxtda Pekinə səfər edib.

Reyting.az
xəbər verir ki, iyunun 13-16-da Çində olacaq M. Abbas səhər saatlarında Pekinə çatıb və bu il Çinə səfər edən ilk ərəb lideri olub.

Səfər Çinin bölgədəki siyasi profilinin vasitəçilik cəhdləri ilə yüksəldiyi, Pekin administrasiyasının Fələstindəki müqəddəs yerlərə və qeyri-qanuni yaşayış məskənlərinə qarşı hərəkətlərinə görə İsrailə qarşı tənqid oxları yönləndirdiyi bir vaxtda baş verir.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, M. Abbas səfəri zamanı Çin prezidenti Si Cinpin ilə görüşəcək və iki lider “Fələstin sahəsindəki son hadisələr, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi” aparacaqlar.

Abbasın həmçinin Çinin baş naziri Li Çianqla iqtisadi əlaqələri, inkişafa yardım və investisiyaları müzakirə edəcəyi gözlənilir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin səfərlə bağlı verdiyi açıqlamada Fələstin liderinin “Çin xalqının köhnə və yaxşı dostu” olduğunu ifadə edərək, Abbasın bu il Çinə səfər edən ilk ərəb lideri olacağına işarə edib.

Çinin Fələstin Azadlıq Təşkilatını (FAT) və Fələstin Dövlətini tanıyan ilk ölkələrdən biri olduqlarını xatırladan Vanq “Fələstin problemi Yaxın Şərq probleminin mərkəzindədir və qlobal bərabərliyin və ədalətin təmin edilməsi baxımından vacibdir. Çin Fələstin xalqının haqlı olduğuna inanır, onun qanuni hüquqlarını bərpa etmək üçün apardığı mübarizəni dəstəkləyir”,- deyib.

Çin rəsmisi son 10 ildə Fələstin probleminin həlli ilə bağlı Çinin təkliflərini bir neçə dəfə irəli sürdüyünü xatırladaraq, iki dövlətli həll əsasında siyasi barışığın qətiyyətlə davam etdirilməli olduğunu və sülh üçün beynəlxalq səylərin göstərildiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın son vaxtlar Ukrayna böhranına görə diqqətini Hind-Sakit okean regionuna və Avropaya yönəltdiyi bir vaxtda Çinin Yaxın Şərqdə vasitəçilik səylərini sürətləndirdiyi müşahidə edilir. Pekin bu yaxınlarda ənənəvi müttəfiqi İran və son illərdə tədricən enerji ticarəti və iqtisadi əlaqələri inkişaf etdirdiyi Səudiyyə Ərəbistanı arasında mühüm vasitəçilik rolunu öz üzərinə götürüb. Tehran və Ər-Riyad hökumətləri Çinin vasitəçiliyi ilə Pekində apardıqları danışıqlardan sonra martın 10-da diplomatik münasibətləri bərpa etmək qərarına gəliblər. Digər tərəfdən, Pekinin Suriya rejiminin Ərəb Liqasına qayıtmasında rolu olub. Bildirilir ki, aprel ayında Dəməşqə səfəri zamanı Çinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Cai Cün həmsöhbətləri ilə Suriya probleminin siyasi həlli və ölkənin Ərəb Liqasına qayıtmasının asanlaşdırılması ilə bağlı fikir mübadiləsi aparıb, daha sonra Çin nümayəndə heyətləri müvafiq ərəb dövlətlərinə göndərilib.

2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanına səfəri zamanı Çin lideri Si Cinpin ilk dəfə keçirilən Çin-Ərəb Sammitində Fələstin lideri Abbasla görüşüb və “məsələlərin erkən, ədalətli və qalıcı həlli üçün səyləri dəstəkləyəcəyi” vədini verib.

E. KAMAL
Reyting.az





Bölməyə aid digər xəbərlər