Şərqlə Qərb arasında yeni gərginlik yaranacaq - Fotolar
Tarix: 13-06-2023 17:52 | Bölmə: Slayd
Şərqlə Qərb arasında yeni gərginlik yaranacaq

“Siyasi baxımdan Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından ibarət BRİKS qrupu daha ədalətli və təmsilçi qlobal idarəçiliyi hədəfləyir. Üzv ölkələr iddia edirlər ki, Qərbin hegemonluğu altındakı qlobal sistemdə inkişaf etməkdə olan ölkələr üçün daha çox təmsilçilik imkanları yaradılmalıdır. Bu baxımdan G7-nin qeyri-bərabər strukturları və qətnamələri BRİKS-in daim tənqid etdiyi məsələlər sırasındadır. Bir çox ekspertlər tərəfindən beynəlxalq sistemdə çoxqütblülük yaratmaq məqsədi daşıdığı kimi şərh edilən bu münasibət, üzvlərin BMT Təhlükəsizlik Şurasında islahatlar tələbləri və beynəlxalq hüququn tənqidi ilə ifadə olunur”.

Reyting.az
xəbər verir ki, bunu Afrika üzrə ekspert Huriye Yıldırım Çınar deyib.

Onun sözlərinə görə, iqtisadi baxımdan BRİKS öz kollektiv iqtisadi gücünün vacibliyini qəbul edir və onu qarşılıqlı fayda prinsipi altında gücləndirməyə çalışır. BRİKS infrastruktur, sənayeləşmə, texnologiya və innovasiya kimi sahələrdə təcrübə və biliklərin mübadiləsi yolu ilə üzvlərinin inkişafına dəstək verməyə çalışır. Bu kontekstdə 2015-ci ildə 5 təsisçi üzv inkişaf etməkdə olan ölkələrdəki inkişaf layihələrinə kredit vermək üçün Yeni İnkişaf Bankını (NDB) qurub.

Huriye Yıldırım Çınar bildirib ki, bu gün bank üzv ölkələrdə 96-dan çox layihəyə 33 milyard dollar kredit verib: “2021-ci ildə Banqladeş, Misir, Uruqvay və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) NDB-yə qoşulub. Hazırda NDB-yə qoşulmaq üçün 30-dan çox ölkənin müraciət etməsi barədə söhbət gedir. Demək olar ki, BRİKS-in iqtisadi məqsədləri Qərb hegemonluğu altında qlobal iqtisadi sistemin dominant valyutası olan ABŞ dollarını ləğv etməkdir. Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın formalaşması üçün ortaq valyuta təklifi və Çinin son dövrlərdə Çin yuanı ilə ticarət əməliyyatları həyata keçirmə səyləri də bu kontekstdə şərh edilə bilər”.


Huriye Yıldırım Çınar

Ekspert diqqəti ayın əvvəllərində baş tutan BRİKS ölkələrinin xarici işlər nazirlərinin toplantısına çəkib:

“İyunun 2-də Keyptaunda keçirilən BRİKS Xarici İşlər Nazirləri Toplantısına üzv ölkələrlə yanaşı Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Kuba da qatılıb. “BRİKS-in dostları” kimi tanınan Konqo, Komor, Qabon və Qazaxıstan da görüşə öz nümayəndələrini göndərib. O da məlumdur ki, BRİKS toplantılarında faktiki olaraq Misir, Argentina, Qvineya-Bisau və İndoneziya iştirak edib. İştirakçıların çox olduğu bu toplantıda müzakirə edilən mövzular arasında BMT Təhlükəsizlik Şurasının islahatı, çoxtərəfliliyin qorunması, beynəlxalq hüquq və sanksiyalar, regional və qlobal təhlükəsizlik problemləri, davamlı inkişaf, qlobal iqtisadiyyat, terrorizmlə mübarizə, iqlim və enerji təhlükəsizliyi kimi məsələlər olub.

Bu yaxınlarda Rusiya və Çinə sərt mesajlar verən G7 toplantısına cavab olaraq, topalantıda güclü anti-Qərb əhval-ruhiyyəsi hökm sürüb. Hətta iş o yerə çatıb ki, ev sahibi Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor sammitin açılış nitqində deyib ki, inkişaf etməkdə olan ölkələr heç vaxt inkişaf etməkdə olan dünya qarşısında öhdəliklərini yerinə yetirməyiblər”.

Mütəxəssis diqqətə çatdırıb ki, görüşdə diqqət çəkən digər məqam Rusiya prezidenti Vladimir Putinin avqust ayında Cənubi Afrikada keçiriləcək BRİKS liderlərinin sammitinə qatılacağı təqdirdə həbs olunub-olunmayacağı ilə bağlı gərgin fikirlər olub. Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü olan Cənubi Afrika barəsində həbs qərarı çıxarılan Putinin sammitə qatılacağı təqdirdə həbs edilməsi üçün təzyiqlər edilir. Pandorun Putini qəbul etmək üçün qanuni variantları nəzərdən keçirdikləri barədə açıqlaması gözlənilən həbsin baş verməyəcəyi kimi şərh edilə bilər.

“İclasda bəlkə də ən həlledici mövzu təşkilatın genişlənmə tendensiyası ilə bağlı müzakirələr olub. Bu yaxınlarda Çinin vasitəçiliyi ilə 7 ildir davam edən münaqişəsinə son qoyan Səudiyyə Ərəbistanı və İranın görüşdə potensial iştirakçı kimi iştirak etməsi və təkbətək görüş keçirməsi də BRİKS-in genişlənməsi və gələcəyi ilə bağlı mühüm inkişaf kimi şərh edilir”,- deyə Çinar bildirib.

Türk mütəxəssi əlavə edib ki, Türkiyə də daxil olmaqla, ən azı 19 ölkə BRİKS-ə qoşulmaq niyyətindədir:

“İndiyədək Səudiyyə Ərəbistanı, İran, Əlcəzair, Argentina, Bəhreyn, İndoneziya, Misir və Birləşmiş Ərəb Əmirlikləri BRİKS-ə üzvlük üçün müraciət ediblər. Dünyanın ən böyük neft ixracatçılarından olan Səudiyyə Ərəbistanının BRİKS və NDB-də iştirakı böyük əhəmiyyət kəsb edir. Səudiyyə Ərəbistanının iştirakı BRİKS-in qlobal iqtisadiyyatda Qərbin hökmranlığını qırmaq üçün zəruri hesab etdiyi neft-dollara son qoymaq üçün vacibdir. Çünki gələcəkdə Səudiyyə Ərəbistanı BRİKS çərçivəsində neft alveri edərkən, bir çox aktorlar, xüsusilə də neftə ehtiyacı olan Avropa ölkələri dollar əvəzinə yeni valyuta ilə ticarət edə bilərlər. Digər tərəfdən, BRİKS-in dünya əhalisi və iqtisadiyyatındakı təmsilçilik nisbətlərini nəzərə alsaq, Səudiyyə Ərəbistanı formalaşmaya qoşulduğu zaman geniş ticarət-iqtisadi şəbəkəyə çıxış əldə edə biləcək və Qərblə əlaqələrində danışıqlar sahəsi genişlənəcək.



Avqustda keçiriləcək sammitdən sonra BRİKS-də yaşanacaq genişlənmələrin qlobal sistemdə ciddi dəyişikliklərə səbəb olacağını söyləyə bilərik. Lakin bu dəyişiklik Çin, Rusiya və İranın gözlədiyi kimi ABŞ-ı devirməklə qlobal hegemonluğun əl dəyişdirməsi deyil. Səudiyyə Ərəbistanı, İran, Argentina, Venesuela və Əlcəzair kimi qlobal iqtisadiyyatın mühüm aktorlarının BRİKS-ə daxil edilməsi qısa və orta müddətli perspektivdə neft-dolları aradan qaldırmayacaq. Əksinə, qlobal iqtisadiyyatda yeni qütbləşməyə yol açmaqla Şərqlə Qərb arasında yeni gərginlik yarada bilər. Digər tərəfdən, bu prosesdən ən çox faydalanacaq iki dövlətin - Rusiya və Çin olduğunu söyləmək mümkündür. Çünki Çinin lider ölkəsi olduğu BRİKS-in genişlənməsi üçün uzun müddətdir davam edən genişlənmə strategiyasını nəzərəçarpacaq uğura çevirəcək. Rusiya isə BRİKS kanalları ilə Ukrayna müharibəsi səbəbindən Qərbin tətbiq etdiyi təcrid vəziyyətindən çıxa biləcək”.

Y. QACAR
Reyting.az






Bölməyə aid digər xəbərlər