Rusiyanın yeni Rasputini - Xruşşovun nəvəsi yazır
Tarix: 14-06-2023 11:04 | Bölmə: Slayd
Rusiyanın yeni Rasputini - Xruşşovun nəvəsi yazır
Yevgeni Priqojin

Rusiyanın Ukraynaya qarşı müharibəsi heç də planlaşdırıldığı kimi getmədi. İndi isə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya ordusuna qarşı açıq hücumlarını artırır.

Kremlin müxalif fikirləri aqressiv şəkildə sıxışdırdığı bir vaxtda Priqojin bunu necə edə bilir?

Reyting.az
xəbər verir ki, bu barədə “Project Syndicate” yazıb.

Keçmiş sovet lideri Nikita Xruşşovun nəvəsi Nina Xruşşova təhlildə yazır:

Prezident Vladimir Putin 2022-ci ilin fevralında “xüsusi hərbi əməliyyata” başladıqdan sonra müxtəlif məqsədlər güddüyünü iddia etdi.

Əvvəlcə o, (ona nəzarəti ələ keçirməklə) bütün Ukraynanın “denazifikasiyası” və “demilitarizasiyası”na cəhd etdikdən sonra Şərqi Donbas bölgəsini “azad etməyi” qarşısına məqsəd qoymuşdu. Həmçinin, Rusiyanın “tarixi sərhədlərini” müdafiə etməkdən danışır və təkid edirdi ki, məhz Qərb onu Ukraynaya hücuma məcbur edib.

Bu ritorik dəyişikliklər döyüş sahəsinin dinamikasını, xüsusən də Rusiya qüvvələrinin təkrar uğursuzluqlarını, səhvlərini və yanlış hesablamalarını əks etdirir.

Sadəcə, indi Putin simasını qorumağa çalışır. Lakin onun döyüş meydanındakı qələbələri naminə getdikcə daha çox asılı olduğu Priqojinin bəyanatları bunu asanlaşdırmır.



Kremlyönlü siyasi bloqer Konstantin Dolqovla mayın 24-də dərc olunmuş geniş müsahibəsində Priqojin “xüsusi hərbi əməliyyat”a qarşı sərt çıxış edib.

Hakimiyyətdə demək olar ki, 25 illik iqtidardan sonra Putinin “inqilab”a tab gətirmə hövsələsi yoxdur. Lakin Ukraynadakı müharibə və onun davamlı açıq-saçıq ritorikası onun qəlbən “İnqilab təhrikçisi” olduğunu göstərir.

Priqojin qeyd edib ki, Rusiya Ukraynanı denazifikasiya etmək əvəzinə onu “dünyada məşhurlaşdırıb”. Ukraynanı “demilitarizasiya etmək” yerinə Rusiya onu hərbiləşdirib: “Əgər ukraynalıların əvvəllər 500 tankı var idisə, indi onların 5000-i var. Əgər o vaxt 20 min bacarıqlı döyüşçüsü var idisə, indi 400 mindir”.

Priqojin təqsiri birbaşa Rusiya elitasının, xüsusən də yüksək rütbəli hərbi liderlərin üzərinə ataraq onları müharibə ideyasına sədaqətsizlikdə ittiham edib. O xəbərdarlıq edib ki, irəliləyişin olmamasından getdikcə məyus olan sıravi ruslar üsyana qalxa bilərlər.

Onun fikrincə, yeganə həll yolu müharibə səylərini artırmaq, hərbi vəziyyət elan etmək və “yeni səfərbərlik dalğası” başlatmaqdır. Əks halda, “biz Rusiyanı qəzəbləndirə bilərik”.

Priqojin Rusiya elitasının müharibə səylərinə sadiqliyini şübhə altına almaqda səhv etmir. İyunun əvvəlində Putinin “Yedinaya Rossiya” partiyasından olan Dövlət Dumasının deputatı Konstantin Zatulin də oxşar fikirlər səsləndirmişdi - “əməliyyat”ın bir çox məqsədləri mənasını itirib... heç bir nəticə yoxdur”.

O, Rusiyanın yenidən birləşməli və irəli getməli olduğunu israr edir, lakin onun şərhləri Kremlin zirvəsində baş verənlərdən çaşqınlıq ifadə edib.

Priqojinin sevimli hədəfi olan Müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla, faktiki olaraq bütün kabinə daha da gərginliyin qarşısını almağa üstünlük verir və hərbçilər bu məqsədlə strategiyalar hazırlayırlar. Bu, praqmatik qərardır. Rusiyanın hakim sinfinin əksəriyyəti hesab edir ki, Rusiyanın müharibədə “qalib olması” çətindir.

Nə qədər çox döyüşürsə, bir o qədər də Rusiya, bir növ, Şimali Koreyaya çevrilə, hər şeyi - həyat standartlarını, təhlükəsizliyi, hətta suverenliyini belə qurban verməyə hazır bir ölkəyə çevrilə bilər, çünki öz liderinin razılığını təmin etmək üçün ölkə öz resurslarına tamah salam Çindən daha çox asılı olur. Lakin bu nəticə Priqojini qane edir. O istəyir ki, Rusiya və daha geniş “Russkiy mir” (“Rus dünyası”) təmsil etdiyi mifik “unikal ölkə sivilizasiyası” naminə ruslar (hakim sinifin müharibədən əldə etdiyi külli miqdarda vəsaiti nəzərə almadan) maddi rahatlıqdan imtina etsinlər.

Onun fikrincə, rus elitası jinqoizmi (vətənşüvənliyi) – xüsusən də, Ukraynanın Rusiya ərazisinə hücumları nəticəsində ölən mülki əhalinin sayının artması fonunda, – daim müdafiə etməlidir. Və bu, təkcə onun rəyi deyil. Amansız təbliğat sıravi rusları müharibə səylərinə qoşulmağa inandırmasa da, onların qəzəbini artırıb.



Mən yanvarda Moskvada olarkən Kremldən narazılığımı sərbəst şəkildə ifadə etmək olardı - ən azı nisbətən özəl sosial şəraitdə.

Stalin dövründə olduğu kimi, indi də hər yerdə “düşmənlər” var. Dostlar və qonşular bir-birindən xəbərçilik edir, kafe işçiləri isə müştərilərinin söhbətini dinləyirlər. Bu qəzəbli ruslardan bəziləri hər yerdə düşmən görməyə başlayır və artıq Rusiyanın siyasi və iqtisadi sisteminin tam hərbiləşdirilməsinə fikir vermirlər. Onlar hələ də Putin tərəfdarıdırlar, lakin müharibə uzandıqca onun qüdrətinə daha çox şübhə edirlər.

Beləliklə, Priqojinin təsəvvür etdiyi və arzuladığı kimi, üsyanın baş verməsi ehtimal olunurmu?

Bu suala cavab vermək üçün Priqojinin təsirini nəzərə almaq lazımdır ki, bu da “Vaqner” qrupunun döyüş meydanındakı qələbələri və vəhşilikləri ilə bağlı qorxulu rekorduna əsaslanır. Qəzəbli rusları da onun amansız ritorikası cəlb edə bilər (“it itin ölümünə sevinər”).

Putin də özünü Priqojinlə eyniləşdirə və “Vaqner” qrupunun Ukraynanı məhv etmə səylərinə verdiyi töhfəni qiymətləndirə bilər.

Priqojinin müharibə səylərini özü üçün heç bir pis nəticə olmadan tənqid edə bilməsi - onun həmsöhbəti Dolqov müsahibəyə görə işdən çıxarıldı - yalnız onun mistikasını artırır.

Doğma şəhəri Sankt-Peterburqda təkcə Nabokovun və ya Puşkinin Peterburquna, indi isə Priqojinin ekskursiyasına getmək olar. Lakin Priqojin bu təsirdən Putinə meydan oxumaq üçün istifadə etmir. Əksinə, o, Rusiyanın hərbi və siyasi elitasına hücum edəndə diqqəti “yuxarıdakı adam”dan uzaqlaşdırır. Nəhayət, Putin çox güman ki, Priqojinin mövqeyi ilə razıdır.

Priqojin sistemin xaricindədir, lakin onun xidmət etdiyi yer sistemdir. Bu mənada o, 1917-ci il inqilabından əvvəl Rusiyanın Romanovlar ailəsi ilə dostluq edən və ona güclü təsir göstərən “mistik rahib” Qriqori Rasputinə bənzəyir.



Hər iki halda dövlətdə ahəngdarlıq yox idi və məsul şəxs əmrlər verərkən belə, adekvat liderlik nümayiş etdirə bilmirdi. Boşluğu doldurmaq üçün ümumi qəzəb fonunda ortaya mistik şəxs çıxdı.

Putin başa düşməlidir ki, Priqojinin müstəqilliyi, cəsarəti və ambisiyası rejimin sağ qalması üçün vacib olan sosial sükunəti alt-üst edir.

Rasputin özünü elitanın hədəfinə çevirdikdən sonra dəhşətli aqibətlə üzləşdi. Priqojin də oxşar taleli ola bilər.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər