Hərbi ekspert: “Təxribatların cavabı sərt olmalıdır”
Tarix: 16-06-2023 11:33 | Bölmə: Slayd
Hərbi ekspert: “Təxribatların cavabı sərt olmalıdır”

“Təxribatlara hazır olmalıyıq və düşünürəm ki, hazırıq. Azərbaycanın siyasi baxımdan mövqeyi nə qədər möhkəmlənəcəksə, ölkəmizə qarşı təxribatlar da bir o qədər artacaq. Hazırda sərhəd boyu gərginlik yaradılır. Belə gərginliklər Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində müşahidə edilir. Səbəb çox sadədir. Çünki ermənilərin Qarabağ ərazisində etdikləri təxribatın beynəlxalq baxımdan səs-küyü olmur, onun ətrafında kampaniya qura bilmirlər. Ermənistan baş naziri də bəyan edir ki, Qarabağ Azərbaycanındır. Belə olan halda Qarabağda təxribatlar törədib “Azərbaycan bizə təcavüz edir”, - kampaniyası apara bilməzlər”.

Bu fikirləri Reyting.az-a hərbi analitik Azad İsazadə Ermənistanın Azərbaycana qarşı son təxribatlarından danışarkən deyib.

Hərbi analitik bildirib ki, erməni tərəfinin məqsədi sərhədboyu ərazilərdə gərginlik yaradıb “Azərbaycan Ermənistana təcavüz edir”, - kampaniyası aparmaqdır. Onun sözlərinə görə, bu məsələdə maraqlı olan xarici qüvvələr də var. “Hazırda danışıqlar prosesi də gedir. Amma kimlərsə göstərmək istəyir ki, danışıqların necə getməsindən asılı olmayaraq, biz vəziyyəti gərginləşdirəcəyik. Bu gərginlik rus sərhədçilərə də sərf edir. Onlar da belə gərgin durumda maraqlıdırlar”, - deyə A. İsazadə əlavə edib.

Müsahibimizin fikrincə, təxribatçılar Zəngilan istiqamətini məqsədli şəkildə seçiblər:

“İran da bura yaxındır, faktiki sərhəddədir. Təsəvvür edin ki, orada atışma gedir və mərmilərdən biri İran ərazisinə düşür. Beləcə, İran da gərginliyə daxil olur”.

Hərbi analitik düşünür ki, erməni tərəfinin təxribatları davam edəcək:

“Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan dövlət bayrağının qaldırılması zamanı atəş açılması bir növ simvolik aktdır. Söhbət bayraq qaldırılarkən açılan atəşdən gedir. Cavab tədbirləri həyata keçirilib. Zənnimcə, bu kimi təxribatların cavabı sərt və çəkindirici olmalıdır”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər