Dünya üçün vacib görüş: ABŞ ilə Çin nəyə nail olmaq istəyir?
Tarix: 19-06-2023 10:53 | Bölmə: Slayd
Dünya üçün vacib görüş: ABŞ ilə Çin nəyə nail olmaq istəyir?

ABŞ-ın dövlət katibi Antoni Blinken Çinə iki günlük rəsmi səfər edib. Blinkeni hava limanında Çinin xarici işlər nazirinin müavini (Şimali Amerika və Okeaniya məsələləri üzrə) Yanq Tao və ABŞ-ın Pekindəki səfiri Nikolas Börns qarşılayıb.

Reyting.az
xatırladır ki, Antoni Blinken ABŞ prezidenti Co Bayden 2021-ci ilin əvvəlində vəzifəyə başladıqdan sonra Pekinə gələn ən yüksək rütbəli məmur və 5 ildən sonra Çinə səfər edən ABŞ-ın ilk dövlət katibidir.

ABŞ prezidenti Co Bayden və Çinin dövlət başçısı Si Cinpinq Blinkenin 2022-ci ilin noyabrında İndoneziyanın Bali adasında keçirilən G20 Sammitində görüşləri zamanı Pekinə səfər etmək qərarına gəliblər, lakin fevral ayına planlaşdırılan səfər Çinin davranışı səbəbindən ləğv edilib.

Blinken Pekinə gəldikdən sonra Diaoyutai Dövlət Qonaq Evində Çin Qrupu ilə görüşüb. Nümayəndə heyətləri arasında görüş 5 saat yarım davam edib. ABŞ və Çin nümayəndə heyətləri görüşdən sonra işgüzar şam yeməyində də bir araya gəliblər.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Tsin Qanq Çin ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasından bəri ən pis nöqtədə olduğuna və bu vəziyyətin iki ölkənin maraqlarına uyğun olmadığına diqqət çəkib.

Çinin ABŞ ilə münasibətlərini S. Cinpin tərəfindən irəli sürülən qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qazan-qazan əməkdaşlıq prinsipləri çərçivəsində gördüyünü ifadə edən nazir Qanq vurğulayıb ki, bu prinsiplərin münasibətlərdə ümumi ruh, məqsəd və “qırmızı xətt” olması vacibdir.

ABŞ ilə sabit, proqnozlaşdırıla bilən və konstruktiv əlaqələr qurmaq istədiklərini ifadə edən Qanq deyib:

“Biz ümid edirik ki, Birləşmiş Ştatlar Çinə qarşı obyektiv və rasional bir nöqteyi-nəzərdən yanaşacaq, münasibətlərin siyasi əsasını qorumaq və həll etmək üçün Çinlə birlikdə çalışacaq”.

Çinli nazir vurğulayıb ki, tərəflər ABŞ və Çin liderlərinin Bali görüşü zamanı əldə etdikləri anlaşmanın məzmunu və ruhuna uyğun olaraq münasibətləri yenidən sabit məcraya yönəltməyə çalışmalıdırlar.

Tayvan məsələsinin Çinin ən köklü maraqları, onun ən mühüm məsələsi və Çin-ABŞ münasibətlərində ən aşkar risk olduğunu vurğulayan Çin tərəfi ABŞ-ı Çinin prinsiplərinə və Üç Birgə Bəyannamədəki öhdəliklərinə əməl etməyə çağırıb.

ABŞ Dövlət Departamentindən verilən açıqlamada isə bildirilir ki, A. Blinken səhv qavrayış və səhv hesablama risklərindən qaçmaq üçün müxtəlif problemli sahələrdə və diplomatiyada ünsiyyət kanallarının açıq saxlanmasının vacibliyinə diqqət çəkib.

“Blinken bəyanatda Çinlə maraqların toqquşduğu transmilli məsələlərdə, eləcə də münasibətlərdə narahatlıq doğuran çoxsaylı məsələlərdə əməkdaşlıq imkanlarını dilə gətirib, beynəlxalq asayişin müdafiəsi üçün müttəfiqləri və tərəfdaşları ilə birgə çalışacağını açıq şəkildə bildirib”,- Departament qeyd edib.

Açıqlamada diqqətə çatırılır ki, Bilinken dialoqu davam etdirmək üçün Çin tərəfini Vaşinqtona səfərə dəvət edib.

Görüş zamanı tərəflər Çin-ABŞ münasibətlərində rəhbər prinsiplər üzrə məsləhətləşmələri davam etdirmək, birgə işçi qrupu ilə münasibətlərdə müəyyən problemləri həll etmək, biznes və təhsil sahəsində xalqlar arasında qarşılıqlı əlaqələrin təşviqi barədə razılığa gəliblər.

Blinkenin bu gün Çinin ən yüksək vəzifəli diplomatı, Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru Vanq Yi və Çin lider Si Cinpinlə görüşəcəyi gözlənilir.

Bir daha xatırladırıq ki, Blinken Çin və ABŞ arasında iqtisadi və strateji rəqabətin artdığı, cari problemlərin və gərginliyin həll edilmədiyi, münasibətlərdə qarşılıqlı inamsızlığın hökm sürdüyü bir dövrdə Pekinə səfər edib.

Qeyd edək ki, iki ölkə arasında Tayvan məsələsindən tutmuş Cənubi Çin dənizindəki hərbi gərginliyə, iqtisadi və texnoloji rəqabətdən insan haqları məsələsinə qədər bir çox problemli sahələr var.

Səfər zamanı tərəflərin problemli sahələrlə bağlı mövqelərini təkrarlayacağı gözlənilir, lakin hər hansı bir sahədə həll üçün tam konsensusun əldə olunacağı gözlənilmir. Bununla belə, səfər hava şarı böhranından sonra kəsilən diplomatik ünsiyyətin bərpası istiqamətində son aylar atılan addımların son həlqəsi kimi mühüm əhəmiyyət kəsb edir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər