Avropa isti qitəyə çevrilir, meteoroloji fəlakətlər artır
Tarix: 19-06-2023 18:24 | Bölmə: Slayd
Avropa isti qitəyə çevrilir, meteoroloji fəlakətlər artır

2022-ci ildə Avropada iqlim sənayedən əvvəlki dövrlə (1850-1900) müqayisədə 2,3 dərəcə istiləşib. Bu, 1980-ci illərdən bəri qlobal orta göstəricidən iki dəfə çoxdur.

Reyting.az
xəbər verir ki, bu barədə “Le Figaro” nəşri BMT və Avropanın bazar ertəsi yaydığı proqram (Kopernik) məlumatına istinadla yazıb.

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının baş katibi professor Petteri Taalas bildirib ki, bütün planet istixana qazları tullantılarına görə demək olar, 1,2 dərəcə istiləşsə də, Avropa dünyanın ən sürətlə istiləşən bölgəsidir.

Xatırladaq ki, noyabr ayında Ümumdünya Ticarət Təşkilatı 1980-ci illərdən bəri Avropanın hər on ildə +0,5 dərəcə istiləşdiyini və bu, digər beş qlobal hava regionunun orta göstəricisindən iki dəfə yüksək olduğunu açıqlamışdı.

Petteri Taalas isə deyir ki, Avropanın böyük bir hissəsində yüksək temperaturlar intensiv və genişmiqyaslı quraqlıqları daha da gücləndirib. Bu isə qitədə böyük meşə yanğınlarına və istilik dalğaları nəticəsində minlərlə insanın ölümünə səbəb olub.

Fövqəladə Hallar Məlumat Bazasına görə, 2022-ci ildə Avropada meteoroloji, hidroloji və iqlim təhlükələri birbaşa olaraq 156.000 insana təsir göstərib və demək olar ki, yalnız istilər səbəbindən 16.365 nəfər həyatını itirib.

Avropa Ətraf Mühit Agentliyi çərşənbə günü bildirib ki, 1980-ci ildən bəri meteoroloji fəlakətlər (istilik, daşqınlar və s.) 195 min insanın ölümünə səbəb olub. Əsasən daşqınlar və fırtınalarla əlaqəli iqtisadi zərərin 2022-ci ildə təxminən 2 milyard dollar olacağı təxmin edilir.

Onu da qeyd edək ki, Almaniyanın bəzi ərazilərində yay fəslinin həddindən artıq quraqlıq keçəcəyi proqnozlaşdırıldığı üçün yerli hakimiyyət orqanları suya qənaət tədbirlərinə başlayıblar.

E. KAMAL
Reyting.az





Bölməyə aid digər xəbərlər