Zülfüqarov: “Paşinyan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə...”
Tarix: 20-06-2023 12:20 | Bölmə: Slayd
Zülfüqarov: “Paşinyan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə...”

“Problem ondadır ki, mövqelərdə ziddiyyət var. Ermənistan hökuməti, baş naziri Nikol Paşinyan bəyanat verərək Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıdığını elan edir, digər tərəfdən isə Xankəndi şəhərindəki separatçıları maliyyələşdirir. Məsələn, Araik Arutyunyan, saxta nazirlər, deputatlar və müdafiə qüvvələri adlandırdıqları qanunsuz silahlı dəstələr Ermənistanın dövlət büdcəsindən maliyyələşir. Başqa sözlə, ortada Ermənistan hökumətinin bəyanatları olsa da, müsbət nəticə yoxdur”.

Bunu Reyting.az-a Azərbayanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq nazir əlavə edib ki, indi də ortaya xəritə atıblar: “Gah 1991-ci il xəritəsini deyirlər, gah da 1975-ci il xəritəsindən bəs edirlər. Bəlkə, Paşinyan doğulduğu ilə görə 1975-ci il xəritəsini gündəmə gətirir?”

T. Zülfüqarov bildirib ki, Azərbaycan ilə Ermənistanın sərhədləri müəyyənləşməli, qanunsuz silahlı dəstə Qarabağdan çıxarılmalıdır: “Orada hələ də ağır texnikalar qalır. Belə şəraitdə daşıqlar aparılır. Amma Azərbaycan əsas məqsədi yaddan çaxaracaqmı? Əlbəttə, yox. Erməni tərəfi köhnə oyunlarını davam etdirsə də, bunun nəticəsi olmayacaq”.

Yeni mümkün hərbi qarşıdurma ehtimalına gəldikdə, keçmiş nazir deyib ki, Ermənistan ərazisindən, elə Xankəndi istiqamətindən də Azərbaycan əsgərinə atəş açırlar: “Azərbaycan bunu sadəcə, müşahidə edə bilməz. Təəssüflə deməliyəm ki, onları sülhə məcbur edən alət dəmir yumruqdur”.

Danışıqlar mövzusuna toxunan Zülfüqarov hesab edir ki, Azərbaycan tərəfi danışıqlar platformasında iştirak etməklə əslində, Ermənistanın beynəlxalq səviyyədə mövqeyini göstərmək istəyir: “Rəsmi Bakı bu mərhələdə göstərir ki, erməni tərəfinin dediyi sadəcə sözdən ibarətdir, real addımlar atmır”.

Hərbi qarşıdurma məsələsinə gəldikdə, keçmiş nazir əlvə edib ki, bu, Ermənistanın seçimi olacaq, Azərbaycan da buna cavab vermək məcburiyyətində qalacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər