Hərbi ekspert: “İndi gücləri yoxdur, amma nə vaxtsa...”
Tarix: 20-06-2023 12:44 | Bölmə: Slayd
Hərbi ekspert: “İndi gücləri yoxdur, amma nə vaxtsa...”

“Ermənistan-Azərbaycan arasındakı şərti sərhəddə tez-tez təxribat və atışmaların olması olduqca narahatedicidir. Burada bizi narahat edən odur ki, sərhəd boyunca belə halların baş verməsi dünyada “Azərbaycan və Ermənistan sərhəddə sabitliyi qoruya bilmir”,- təəssüratı yaradacaq. Ardınca bəzi beynəlxalq qüvvələr və təşkilatlardan kimsə düşünə bilər ki, regiona beynəlxalq qüvvələr yeritmək lazımdır. Əlbəttə, bizim üçün belə ssenari rus sərhədçilərin ərazidən çıxarılması baxımından müsbət hal olsa da, müəyyən problemlər də yarada bilər”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib.

A. İsazadə əlavə edib ki, sərhəddəki belə təxribatlar nəticəsində iki ölkə arasında sülhməramlı qüvvələrin yerləşdirilməsi təşəbbüsünə rəsmi Bakı razılıq verməz: “Amma Ermənistan belə təklifə müsbət yanaşa bilər. Bu halda bizim üçün bəzi məsələlərin həlli çətinləşər. Xüsusilə, iki ölkə arasında sərhədin delimitasiya və demorkasiyası. Eləcə də Zəngəzur dəhlizi ilə bağlı qeydə alınan irəliləyişlər və nəhayət Qarabağdakı erməni icması ilə bağlı məsələlər. Bu isə bizə sərf etmir. Amma buna paralel olaraq erməni təxribatlarının qarşısı alınmalıdır”.

Hərbi ekspert əmindir ki, indi Ermənistan-Azərbaycan sərhəddində baş verən təxribatlarda xarici qüvvələrin əlinin olması öz yerində, eyni zamanda burada əsas iki məqsəd güdülür:

“Birinci məqsəd odur ki, Ermənistan-Azərbaycan arasında hər hansı bir razılaşma, ələlxüsus da sülh sazişi, sərhədləri müəyyən edəcək demarksiya prosesi aparılmasın.

İkinci əsas məqsəd isə prosesi idarəedilməz mərhələyə keçirməkdir”.

İsazadənin fikrincə, erməni tərəfinin təxribatları sistemli hal alsa da, onların Azərbaycan Ordusu ilə lokal hərbi qarşıdurmaya başlamaq gücü yoxdur: “Amma bu o demək deyil ki, onlar belə qarşıdurmalara hazırlaşmırlar. Nə vaxtsa buna cəhd göstərə bilərlər”.

Y. QACAR




Bölməyə aid digər xəbərlər