Nüvə silahından istifadə məsələsi yenidən gündəmə gəlib
Tarix: 22-06-2023 13:21 | Bölmə: Slayd
Nüvə silahından istifadə məsələsi yenidən gündəmə gəlib

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı nüvə silahından istifadə etsə, digər ölkələr Rusiyaya zərbə endirəcək. Reyting.az xəbər verir ki, bu fikirləri Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri general Nikolay Malomuj deyib.

General əminliklə qeyd edib ki, Putin küncə sıxışdırılıb: “O, başa düşür ki, müharibəni uduzsa, onun rejimi də sona çatacaq. Ona görə də bu müharibədən çıxmaq üçün bütün resursları yaratmağa çalışır. Müharibəni uduzması Putin üçün, ola bilsin, fiziki son deməkdir”.

N. Malomujun fikrincə, V. Putin özünə təhlükə saydığı hər şeyi təhdid edir, xüsusilə, nüvə şantajına əl atır: “Lakin o, ölmək istəmir. Ona görə də bu faktı dəyərləndirərək, Rusiyanın nüvə silahından istifadə etmək təhlükəsindən danışmalıyıq. Onu da vurğulamaq istəyirəm ki, Putin nüvə silahından istifadə edərsə, özünə atəş açmış olacaq. Çünki bu, tək Ukraynaya qarşı deyil, bütün dünyaya qarşı bir oyun hesab ediləcək”.

Xatırladaq ki, dünən prezident Putin hərbi təhsil müəssisələrinin məzunları ilə görüşündə “yaxın gələcəkdə ən yeni “Sarmat” nüvə raketləri Rusiya Federasiyasında döyüş növbətçiliyinə çıxacaq”,- deyib. Bu silahlanma bir neçə ildir ki, Rusiya təbliğatı tərəfindən yüksək qiymətləndirilib. Putinin fikrincə, bu raketlər köhnə silos bazalı raketləri əvəz etməlidir.

Putin bəyan edib ki, nüvə silahı Rusiyanın təhlükəsizliyinin və dünya şərtlərini müəyyən edən silahdır. Onun həm Ukrayna müharibəsi, həm də nüvə silahından danışması isə narahatlıqları yenidən artırıb.

Ukraynaya qarşı nüvə silahından istifadə təhlükəsindən danışan prezident Zelenski vurğulayıb ki, Putin öz həyatını çox sevir, ona görə də belə bir addıma hazır deyil. Ukrayna prezidenti qeyd edib ki, Rusiya prezidenti reallıqla əlaqəni itirib, bu səbəbdən də dəqiq bir söz deyə bilmir.

Ukraynaya nüvə zərbəsinin endirilməyəcəyini Hərbi Kəşfiyyat Xidmətinin rəhbəri Kirill Budanov da deyib. Onun sözlərinə görə, bu cür riskləri qiymətləndirməyi 9 illik müharibədə öyrənib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər