NATO-nun iyul sammiti: Türkiyənin şərtləri var
Tarix: 23-06-2023 11:50 | Bölmə: Slayd
NATO-nun iyul sammiti: Türkiyənin şərtləri var

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxta Finlandiya ilə birlikdə NATO sıralarına daxil olmaq istəyən İsveçin bu istiqamətdə mövqeyi maraq doğurur.

Reyting.az
xatırladır ki, NATO ölkələri Finlandiyanın üzvlüyünü təsdiqləsələr də, Türkiyə və Macarıstan İsveçin Şimal Alyansına üzvlüyünü təsdiqləməyə tələsmirlər.

Beynəlxalq ictimaiyyət NATO sammiti öncəsi hər iki ölkənin İsveçin üzvlüyünü təsdiqləyəcəyini gözlədiyi bir vaxtda bəzi türk mənbələri şərtlərlə bağlı ABŞ-ın aparıcı media qurumu “Bloomberq”-ə danışıb.

Prosesdən xəbərdar olan, lakin adlarının açıqlanmasını istəməyən Türkiyə rəsmiləri Ankaranın İsveçin üzvlüyünü təsdiqləməsi üçün bəzi addımların atılacağını gözlədiklərini bildiriblər.

Qeyd edək ki, NATO-ya qəbul prosesinin başlanğıcında Türkiyə İsveçin üzvlüyünü əngəlləyərək həm terrorla mübarizədə, həm də silah satışının qadağan edilməsində müttəfiqlik ruhuna uyğun hərəkət etmədiyini açıqlamışdı. Ötən dövrdə İsveç Türkiyəyə silah satışına qoyulan qadağanı aradan qaldırıb və iyunun 1-də ölkədə yeni Anti-terror qanunu qüvvəyə minib.

“Bloomberq” yazır ki, bu addımların Litvada keçiriləcək NATO Zirvəsi öncəsi prezident Ərdoğanı razı salmayacağı bildirilsə də, Türkiyə rəsmiləri “Türkiyə daha əvvəl İsveçdən tələb etdiyi adların (terrorçuların) ekstradisiyasını NATO sammitinə qədər baş tutmasını istəyir”,- fikrini önə çəkiblər.

Bildirilir ki, Ankara terrorçuluqda şübhəli olan 130-a yaxın şəxsin siyahısını İsveçə təqdim edib və onların Türkiyəyə ekstradisiyasını istəyir.

“Türkiyə İsveçin yeni qaydaları tətbiq etməkdə ciddi olduğunu yoxlamaq üçün ekstradisiya və deportasiya prosesinin başlanmasını tələb edir”, - adlarının çəkilməsini istəməyən türkiyəli rəsmilər bildiriblər.

Qeyd edək ki, Ankaranın təqdim etdiyi siyahıda PKK, FETÖ və YPG-nin sıralarında Türkiyəyə qarşı fəaliyyət göstərən şəxslərin də adı var.

İsveç Xarici İşlər Nazirliyi “Bloomberq”in xəbərini şərh etməyib.

Onu da diqqətə çatdırırıq ki, Almaniya kansleri Olaf Şolz Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsini istəyib. Şolz dünənki açıqlamasında deyib:

“İnanıram ki, İsveç Finlandiyaya qoşulmalı və sammitdə yeni müttəfiq olmalıdır. Mən istəyirəm ki, Türkiyənin yenidən seçilmiş prezidenti Ərdoğan keçən il Madriddə qərar verdiyimiz kimi, bunun yolunu açsın”.

Sonda onu da əlavə edirik ki, analitiklər İsveçin NATO-ya üzvlüyünü Rusiyaya qarşı strateji addım kimi qiymətləndirirlər.

Y. QACAR




Bölməyə aid digər xəbərlər