Əks-hücumla bağlı ziddiyyətli məlumatlar yayılır
Tarix: 23-06-2023 12:34 | Bölmə: Slayd
Əks-hücumla bağlı ziddiyyətli məlumatlar yayılır

Ukrayna qoşunları cənub cəbhəsinin iki istiqamətində irəliləyib. Eyni zamanda Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir. Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının spikeri Andrey Kovalyov bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşunları cənub cəbhəsinin iki istiqamətində irəliləməklə yanaşı, öz mövqelərində möhkəmlənməyi bacarıblar.

“Novodanilovka - Rabotino və Malaya Tokmaçka - Novofedorovka istiqamətləri üzrə onlar qismən uğur qazanıblar, əldə olunan səviyyələrdə möhkəmlənməkdədirlər”, - Baş Qərargahın nümayəndəsi deyib.

A. Kovalyov əlavə edib ki, düşmən qüvvələri müdafiəyə və Ukrayna qoşunlarının Orexovskoye istiqamətində irəliləməsinin qarşısını almağa yönəlib, ehtiyatlardan istifadə edərək, itirilmiş mövqeni bərpa etməyə çalışır.

Kovalyov diqqətə çatdırıb ki, müdafiə qüvvələri Rusiya qoşunlarının Limanski, Avdeyevski və Maryinski istiqamətlərində irəliləməsinin qarşısını almaqda davam edir. Baş Qərargahın nümayəndəsi vurğulayıb ki, Limanski istiqamətində, Luqansk vilayətinin Beloqorovka qəsəbəsidə, Donetsk vilayətinin Severnoe və Avdevka qəsəbələrinin ərazilərində, Maryinski istiqamətində və Qələbə qəsəbəsi ərazisində xüsusilə ağır döyüşlər gedir.

Bu arada Ukrayna zenitçiləri rus ordusunun Ka-52 “Alliqator” helikopterini məhv ediblər. General-leytenant Nikolay Oleşçuk deyib ki, rusların helikopteri iyunun 23-ü cümə günü səhər saatlarında vurulub.

“Bu gecəki döyüş işinə görə hamınıza təşəkkür edirəm. Həmçinin bu səhər Donetsk vilayətində vurulmuş daha bir “Alliqator”a görə zenitçilərimizə təşəkkür edirik”, - Oleşçuk bildirib.

CNN kanalı isə Kiyev rəsmilərinə istinadla məlumat yayıb ki, Ukraynanın əks-hücum əməliyyatı ciddi şəkildə başlamayıb, bu səbəbdən də onun uğurunu qiymətləndirmək hələ tezdir.

Yüksək rütbəli məmur Qərb rəsmilərinin əks-hücum zamanı Ukrayna ordusunun uğurlarından məyus olması barədə məlumatı təkzib edib: “Əks-hücumun ümumi trayektoriyasını qiymətləndirmək hələ tezdir. Əks-hücumun əsas istiqaməti hələ ciddi şəkildə başlamayıb”.

O, həmçinin qeyd edib ki, “formalaşma əməliyyatları” hələ də davam edir və əks-hücumun nəticələri payız və ya qışda ortaya çıxa bilər.

Xatırladaq ki, Ukrayna əks-hücumunun başlandığını rəsmən təsdiqləməyib, lakin Qərb mediası planlaşdırılan əməliyyatlardan bəzilərinin artıq başladığını bildirir.

Ukrayna Silahlı Qüvvələrinin Komandanı Valeri Zalujnı deyib ki, Ukrayna ərazisinin azad edilməsi əməliyyatı plana uyğun olaraq davam edir. Eyni zamanda, Qərb mediası əks-hücumun “gözlənilənləri doğrultmadığını” yazıb. CNN Qərb rəsmilərinə istinadla bildirir ki, yeni əməliyyat ümidləri doğrultmur.

Bu arada Xarici işlər naziri Dmitri Kuleba vurğulayıb ki, Ukrayna heç bir tərəfdaş ölkədən əks-hücum əməliyyatı gözləntiləri doğrultmayacağı təqdirdə yardımların kəsiləcəyi barədə siqnal almayıb.

ELÇİN






Bölməyə aid digər xəbərlər