Rusiyada hərbi qiyam: 25 min nəfərlik qoşun Moskvaya doğru hərəkət edir
Tarix: 24-06-2023 01:19 | Bölmə: Slayd
Rusiyada hərbi qiyam: 25 min nəfərlik qoşun Moskvaya doğru hərəkət edir

Ukraynaya qarşı vuruşan "Vaqner" özəl hərbi şirkəti ilə Rusiya Müdafiə Nazirliyi arasında böhran daha da dərinləşib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, "Vaqner"in rəhbəri - iş adamı Yevgeni Priqojin Müdafiə Nazirliyini silahlı qrupun düşərgələrinə zərbə endirməkdə ittiham edib.

O, Rusiya Müdafiə Nazirliyindən bunun qisasını alacaqlarını deyib.

Priqojinin iddiasına görə, Rusiya Müdafiə Nazirliyi onun muzdlu düşərgələrinə raket hücumu həyata keçirib.

Yevgeni Priqojin qeyd edib ki, Müdafiə naziri Sergey Şoyqu "Vaqner" özəl hərbi şirkətinin arxa cəbhəsindəki düşərgələrinə zərbə endirmək üçün Rostova gəlib.

“Vaqner”in rəhbəri bəyan edib ki, buna cavab olaraq 25 min nəfərlik qoşunla Moskvaya doğru hərəkət edirlər. Sosial şəbəkələrin Rusiya seqmentində isə Priqojinin hərəkəti hərbi çevrilişə cəhd kimi qiymətləndirilib.

Rusiya Müdafiə Nazirliyinin Priqojinin iddialarına cavabı özünü çox gözlətməyib. Nazirlik bəyan edib ki, Priqojin adından sosial şəbəkələrdə Rusiya Müdafiə Nazirliyinin "Vaqner" özəl hərbi şirkətinin arxa cəbhədəki düşərgələrinə guya zərbə endirməsi ilə bağlı yayılan məlumatlar və videogörüntülər həqiqətə uyğun deyil və təxribatdır.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiya prezidenti Vladimir Putin "Vaqner"in rəhbəri Yevgeni Priqojin ətrafında cərəyan edən vəziyyətdən xəbərdardır.

Onun sözlərinə görə, bununla bağlı lazımi tədbirlər görülür.

Son məlumatlarda bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti "Vaqner" özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

Milli Antiterror Komitəsinin məlumatında qeyd olunur ki, "Vaqner"in rəhbərindən qanunsuz hərəkətləri dayandırmaq tələb edilib.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər