“Priqojinin sonu, “Vaqner”in sonudur” - Qiyama ekspert rəyi
Tarix: 24-06-2023 14:31 | Bölmə: Slayd
“Priqojinin sonu, “Vaqner”in sonudur” - Qiyama ekspert rəyi

Rusiyanın muzdlu lideri Yevgeni Priqojinin Kremli minlərlə əsgərin ölümündə ittiham etməsindən sonra Vladimir Putin böyük hərbi böhranla üzləşib.

Federal Təhlükəsizlik Xidnməti (FTX) “Vaqner” qrupunun sərkərdəsinə qarşı “silahlı üsyan təşkil etdiyinə görə qanuni və əsaslı şəkildə cinayət işinə başladığını” bildirib.

Reyting.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Təhlildə qeyd olunur ki, Priqojin qoşunlarını Ukraynadan geri, Rusiyanın cənubundakı Rostov-na-Donu şəhərinə çəkib və and içib: “Əgər kimsə yolumuza çıxarsa, hər şeyi məhv edəcəyik!”

Açıq sözlü muzdlu komandir, tələbləri yerinə yetirilmədiyi təqdirdə Moskvaya doğru hərəkət edəcəyi ilə hədələyib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna qüvvələri Baxmut ətrafındakı cəbhə xəttində “Priqojinin təxribatından istifadə edir”.

Rusiya dövlət mediasının məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putin vəziyyətin sürətlə inkişaf etdiyini bilir və “bütün lazımi tədbirlər görülür”.

“Priqojinin bəyanatları və hərəkətləri əslində Rusiya ərazisində silahlı vətəndaş qarşıdurmasının başlanmasına çağırışdır və rus hərbçiləri üçün “kürəyindən bıçaq zərbəsidir”, - deyə FTX vurğulayıb.

Priqojin Müdafiə naziri Sergey Şoyqunu döyüş meydanındakı “böyük” uğursuzluqları Putindən gizlətməkdə ittiham edərək, Rusiya Müdafiə Nazirliyinin əmri ilə 2000 “vaqner”çini öldürməkdə suçlayıb.

Daha sonra Priqojin qoşunlarının qarşısına çıxan hər şeyi məhv edəcəkləri ilə bağlı hədəsini təkrarlayıb. “Bir daha hamını xəbərdar edirəm: biz... ətrafımızdakı hər şeyi məhv edəcəyik. Siz bizi məhv edə bilməzsiniz. Hədəflərimiz var. Hamımız ölməyə hazırıq. 25.000 nəfərik”.

Priqojinin iddialarına cavab olaraq, Moskva “Vaqner” döyüşçülərini geri çəkilməyə çağırıb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyev videomüraciətin birində Priqojinin əmr vermək səlahiyyətinin olmadığını bildirib. “Bu, dövlət çevrilişidir, ağlınızı başınıza yığın!”

“General Armageddon” kimi tanınan Ukraynadakı Rusiya qoşunları komandanının müavini Sergey Surovikin “Vaqner”i mövqelərində qalmağa çağırıb.

“Politiko”-ya danışan Britaniya hərbi kəşfiyyatının keçmiş zabiti və NATO-nun keçmiş plançısı, polkovnik Filip İnqram çevriliş olmasını söyləmənin hələ tez olduğunu bildirib:

“Aydındır ki, Moskva narahatdır və müdafiə planını işə salıb. Priqojin diqqətini Şoyquya yönəltməyə çalışır, lakin hələ çox şey ola bilər”.

Rusiya üzrə ekspert və Ukraynadakı müharibənin nəticələrinə dair yeni kitabın müəllifi Yan Qarnerin fikrincə, “Vaqner” şefi belini həddindən artıq yükləyib. O deyib: "Priqojin zərləri atdı və indi dövlət onu birdəfəlik məhv edəcək".

“Mən Priqojinin uğurlu çevriliş etmək şansının zəif olduğunu düşünürəm. Dövlət onun etdiyi hər şeyi təklif edə bilər: pul, azadlıq, prestij. Niyə “Vaqner” döyüşçüləri Priqojinin yanında ölüm-dirim döyüşündə iştirak etsinlər?”,- deyə Qarner vurğulayıb.

Bir analitikin fikrincə, xaos təkcə Ukraynada deyil, Afrikada da fəaliyyət göstərən “Vaqner”in üçün ölüm anına bərabərdir.

Siyasi analitik və “R-Politic” konsaltinq firmasının təsisçisi Tatyana Stanovaya Telegram kanalında yazıb:

"Aqibət nə olursa-olsun, bu, mütləq “Vaqner”in söküşüdür. Bu, Priqojinin sonu, “Vaqner”in sonudur. Əhəmiyyətli bir məqam: elita daxilində bir çoxları Putinə qarşı olmaq barədə fikirləşəcəklər. Deyəcəklər ki, gör işlər indi hansı həddə gəlib çatıb və prezident buna tez reaksiya vermir. Ona görə də bütün bu hekayət Putinə də zərbədir”.

Telegram-da Priqojin həmçinin iddia edib ki, Rusiya hərbi helikopteri onun qoşunlarının konvoyuna atəş açıb və “Vaqner” onu məhv edib.

ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya üzrə sözçüsü Adam Hodc deyib: “Biz vəziyyəti izləyirik və bu hadisələrlə bağlı müttəfiqlər və tərəfdaşlarla məsləhətləşmələr aparacağıq”.

Y. QACAR





Bölməyə aid digər xəbərlər