Priqojinin qiyamı Putinin nüfuzunu ciddi şəkildə zədələyib
Tarix: 25-06-2023 11:37 | Bölmə: Slayd
Priqojinin qiyamı Putinin nüfuzunu ciddi şəkildə zədələyib

Rusiyanın "Vaqner" muzdlular qrupunun üsyanı liderin öz qoşunlarını geri çağırması ilə başa çatsa da, qiyam prezident Vladimir Putinin ölkə daxilində və xaricdə imicinə düzəlməz zərər vurmuş ola bilər.

Reyting.az
xəbər verir ki, bunu analitiklərə istinadla “NPR" yazıb.

Təhlildə qeyd olunur ki, Ukraynadakı döyüşlərdə böyük rol oynayan, “kölgə ordu”nun rəhbəri Yevgeni Priqojin Rusiyanın Rostov-Don şəhərindəki hərbi qərargahına nəzarət etdiyini iddia edib:

Yəni Ukraynadakı hücum əməliyyatları üçün baza rolu oynayan qərargaha.

“Vaqner” qüvvələri daha sonra xarici dünyaya dövlət çevrilişinə cəhd kimi görünən Moskvaya doğru irəliləməyə başladılar. Ancaq bir neçə saat ərzində Putinin keçmiş yaxın adamı - Rusiya hərbi rəhbərliyini əsgərlərinə hücum etməkdə və onları öldürməkdə ittiham edən Priqojin dedi ki, o, qüvvələrinə bazalarına qayıtmaq əmrini verib.

“Karnegi” Rusiya-Avrasiya Mərkəzinin direktoru Aleksandr Qabuyev deyir ki, qiyamın açıq-aydın sona çatmasına baxmayaraq, Rusiya liderinin nüfuzu, şübhəsiz ki, onun hakimiyyətinə güclü etirazla zəifləyəcək.

"O, rejimi daha da praktik etməklə kompensasiya etməyə çalışacaq, - deyə Qabuyev vurğulayıb. - Rejim daxildə getdikcə daha repressivləşəcək”.

“Priqojinin qiyamı prezident Putinin misilsiz reytinqinə həm ölkə daxilində, həm də xaricdəki imicinə düzəlməz zərər vurmuş ola bilər”,- fikrinə başqaları da şərikdir.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl MakFol deyir ki, Priqojinin qiyamının Putini zəiflətdiyinə şübhə yoxdur, onun Rusiyanı effektiv şəkildə idarə etmək qabiliyyətinə də şəkk doğurur.

Yevgeni Priqojin aylardır Rusiya ordusunun, xüsusən də səriştəsizlikdə ittiham etdiyi və istefaya səslədiyi Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun qeyri-adi dərəcədə kəskin tənqidçisi olub.

O, sosial mediada elan etdi ki, onun qüvvələri Moskvaya doğru "ədalət yürüşünü" başa çatdırır və muzdluların cənubdakı Rostov-Don şəhərindən Rusiya paytaxtının ətrafına doğru yol aldığını görənlər bir qədər çaşıb.

“Vaqner” rəhbəri qüvvələrə kolonları əksinə çevirib yenidən “səhra düşərgəsinə getməyi" əmr edib. Bu, sövdələşmənin bir hissəsi kimi səciyyələndirilib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Priqojin və onun üsyançı yoldaşlarına qarşı cinayət işinə xitam veriləcək və “Vaqner” rəhbərinin özü “Belarusa gedəcək”. Bundan başqa, qiyamda iştirak etməyən “Vaqner” qoşunları Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayacaq.

“Rand Corp”-un baş politoloqu Samuel Çarap xəbərdarlıq edir ki, hazırda çox az şey məlumdur, lakin “bir şeyi dəqiq bilirik ki, Putinin nüfuzu düzəlməz dərəcədə zədələnib”.

O əlavə edib: "Bu, bir növ, “Oz ölkəsinin sehrbazı”ndakı epizoda bənzəyir, burada məlum olur ki, silahları olan insanlar səlahiyyətinizi dəstəkləmək üçün onlardan istifadə etmək istəmirlər".

“Crisis Group”un Rusiya üzrə baş analitiki Oleq İqnatov deyir ki, Priqojin ya həbs olunacaq, ya da öldürüləcək. “Vaqner” isə ləğv olunacaq, yaxud nizami silahlı qüvvələrə qatılacaq.

İqnatov bildirib: "O zaman Ukraynadakı müharibə, şübhəsiz ki, Rusiyada daha çox repressiyalarla yanaşı, davam edəcək".

Rusiya üzrə ekspert və “Puck News”-un Vaşinqton müxbiri Yuliya İoffe Priqojin dayandığını elan etdikdən sonra “Twitter” hesabında yazıb:

"Yaxşı, bəs indi nə olacaq? Mən Putinin onu bağışlayacağını təsəvvür edə bilmirəm”.

Yeri gəlmişkən, üsyan Ukrayna üçün yaxşı xəbərdir, prezident Vladimir Zelenski üsyan haqqında "Rusiyanın zəifliyi göz qabağındadır",- deyib.

“Karnegi” Beynəlxalq Sülh Fondunda Rusiya və Avrasiya ilə bağlı araşdırmalara nəzarət edən Endryu Vays Putinin “döyüldüyünü”, lakin onu zəif saymağın düzgün olmadığını düşünür.

"Ukraynadakı müharibə nəticəsində Vladimir Putinin başçılıq etdiyi Rusiya rejiminin ümumi tənəzzülü və deqradasiyası heç bir şübhə doğurmur, - Vays deyir. - Onun üçün problem odur ki, bir yerdə ilişib qalıb, həm özü, həm də bütövlükdə Rusiya üçün yaratdığı qarışıqlıqdan çıxış yolu yoxdur”.

E. Vays əlavə edir: "Ancaq bu, 20 ildən artıqdır sağ qalan liderdir, çünki o, taktikdir, ağıllıdır və nə vaxt zərbə vuracağını bilir. Bu, bizim üzbəsurət gəldiyimiz güclü adamdır... küncə sıxılaraq utanacaq və ya alçaldılmış hal almayacaq".

Y. QACAR




Bölməyə aid digər xəbərlər