Ərəstun Oruclu: "Rusiyada bombanın saat mexanizmi işə salınıb"
Tarix: 26-06-2023 10:18 | Bölmə: Slayd
Ərəstun Oruclu: "Rusiyada bombanın saat mexanizmi işə salınıb"

"Dünyanın ikinci gücü”nün gözlərimiz önündə sabun köpüyü kimi dağılmasını hələ də çoxları tam dərk edə bilmir və baş verələrin arxasında hansısa oyunlar axtarırlar. Bu da təbiidir, illər boyu beynimizə yeridilmiş “hamısı öz oyunlarıdır”, - tipli uydurma stereotiplər buna imkan vermir. Necə ki, “dünyanın ikinci ordusu”nun Ukraynadakı faciəvi uğursuzluğunu hələ də minlərlə insan görə bilmir. Düzdür, bu halda “hamısı öz oyunlarıdır”, - uydurması keçmir, çünki söhbət döyüş meydanındakı ağır itkilərdən gedir".

Reyting.az
xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu Rusiya ilə bağlı baş verənlərdən danışarkən deyib.

Politoloq qeyd edib ki, siyasi mülahizələr də yalnız fakta söykənəndə həqiqət olur, qalan bütün hallarda isə təxəyyül məhsulundan o yana keçə bilmir:

"Son 3-4 gündə Rusiyada baş verənlərin bircə adı var: iflas! Fakt budur ki, bəlkə də, elə aparılan məqsədli təbliğatın sayəsində indiyədək dünya Putinin və onun kriminal rejiminin sifətinin 23 illik hökmranlıq etdiyi dövrdə məlum möhtəviyyata bu şəkildə çırpılmasının şahidi olmamışdı. Amma bu da baş verdi, özü də ən çılpaq, ən biabırçı şəkildə. Həm də “Sorosun təşkil etdiyi rəngli inqilabın” yüz minlərlə iştirakçısı deyil, Putinin özünün yaratdığı 3-4 minlik quldur dəstəsi tərəfindən. Aylarla davam edən etirazların deyil, saatlarla çəkmiş alayarımçıq “qiyamın” nəticəsində. Yəni Putin rejimi biabırçı şəkildə uduzdu".

"Putin nəyi uduzdu və niyə uduzdu?" sualına gəldikdə, politoloq əlavə edib ki, Kreml rəhbəri hər şeyi uduzub:

"Niyə uduzdu sualı üzərində dayana bilərik. Burda cavab nə qədər paradoksal görünsə də, həm də mürəkkəb və əsaslandırılmış oacaq. Sadə cavab budur ki, Putin psevdodiktaruası uduzmalı olduğu üçün uduzdu. Ona görə ki, onun illər boyu israrla getdiyi məğlubiyyətə aparan yol idi və bu da azmış kimi reallıqda mövcud olmayan - virtual yol idi. Yəni, uydurulmuş, reallıqdan uzaq, yalnız paralel dünyada mövcud olan. Elə buna görə də reallıqla üzləşən kimi bütün miflər darmadağın oldu. Ona görə ki, təbii ehtiyatlardan tutmuş zəngin insan resurslarına qədər - hər şeyə malik olan nəhəng bir ölkəni indiki vəziyyətə elə həmin Putin rejiminin özü gətirib çıxarmışdı.

Bunun nə demək olduğunu anlamaq üçün isə trilyonlarla gəliri olmuş Rusiyanın inkişafının göstəricilərini ABŞ, Çin, Almaniya, Yaponiya ilə deyil, elə İspaniya və Portuqaliya ilə müqayisə etmək yetərlidir. Təsəvvür edin, dünya hökmranlığına iddia edən bir ölkədə nəinki laptop, heç adi bir smartfon istehsalı da yoxdur.

Bugünkü dünyada istər iqtisadi, istərsə də ciddi siyasi təsir vasitələrindən sayılan çiplərin və yarımkeçiricilərin istehsalı haqda isə heç xəyallara dalmağa belə dəyməz.

Bəs belə bir ölkə əhalisinin 60 faizə qədərinin yararlı su təhcizatı və kanalizasiya sisteminin olmamasına nə ad vermək olar?

Səhiyyəsi, təhsili, elmi iflasa uğramış, bütün sərvətləri bir dəstə quldurun əlində cəmləşmiş ölkənin aqibəti başqa necə olmalı idi ki?

Ordusu, polisi, qvardiyası, FTX-sı qulağının dibinə qədər korrupsiya çirkabına batmış ölkənin başqa hansı qurumu çıxmalı idi həmin 3-4 min quldurun qarşısına? Bunu heç sutkada 24 saat əhalidə “uğurlu və xoşbəxt dövlət ilğımı, onun hakimiyyətinə isə xalqın birmənalı sevgisi” uydurmasını yaradan telekanallar da edə bilməzdi. Çünki elə həmin quldurbaşı Priqojinin sosial media üzərindən cəmi 2-3 ay ərzində apardığı iş dəfələrlə səmərəli oldu və olmalı idi də. Elə olmasaydı özünü I Pyotrun XXI əsrdə zühür etmiş təcəssümü, Stalinin isə layiqli davamçısı sayan əvəzsiz lider Putinin işğalçı savaşını “dəstəkləyən” həmin 95 faizin heç olmasa 1-2 faizi öz əvəzsiz liderini müdafiə edərdi, onun müraciətinin ardınca küçələrə tökülərdi, qətiyyətlə qiyamçılara qarşı çıxardı.

Doğrudur, xalqın bir hissəsi küçələrə töküldü, amma Putini yox, ona qarşı çıxan qiyamçıları dəstəkləməyə. Bu da azmış kimi, bunker prezidentini heç özünün təyin etdiyi yerli qubernatorlar, ali baş komandanı olduğu ordu, tabeliyində olan polis və Rosqvardiya, vaxtilə rəhbərlik etdiyi FTX da qorumağa cəhd etmədi. Bir tək Kadırovdan başqa".

Oruclu əminliklə deyib ki, Putin rejimi iflasa uğrayıb: "Onu öz silahı ilə məhv etdilər. Yəni, həm öz metodu ilə, həm də özünün yaratdığı “silahla”. Məlum oldu ki, illər boyu yaxın və uzaq qonşularına qarşı qiyamlar, çevrilişlər törədən Rusiyanın özünün ölü doğulmuş bir qiyama qarşı müqavimət potensialı, immuniteti və özünüqoruma instinkti mütləq sıfır səviyyəsində imiş. Yəni bombanın saat mexanizmi artıq işə salındı. "Vaqner" quldurlarının başçısı tərəfindən. Belə də olmalı idi, çünki atalarımız əbəs deməyiblər ki, dinsizin öhdəsindən imansız gələr".

Y. QACAR




Bölməyə aid digər xəbərlər