Qarabağdakı təxribatlarla Vaşinqton danışıqlarını pozmaq istəyirlər
Tarix: 28-06-2023 19:01 | Bölmə: Slayd
Qarabağdakı təxribatlarla Vaşinqton danışıqlarını pozmaq istəyirlər

“Vaşinqtonda Azərbaycan və Ermənistan nümayəndələri arasında effektiv danışıqların getdiyi bir vaxtda Qarabağda gərginlik yaradılır, təxribatlar törədilir. Hesab edirəm ki, bu yolla Vaşinqton danışıqlarının nəticəsiz başa çatmasını təmin etmək istəyirlər.

Bəs bu işdə maraqlı tərəf kimdir?

Mənim fikrimcə, Rusiyadır! Ərazidə rus sülhməramlıları var və təxribatlar onların “xeyir-duası” ilə baş verir.

Ümumiyyətlə, müşahidələr göstərir ki, nə zaman Azərbaycan və Ermənistan razılaşmaya yaxın olursa, Rusiyadan ya hansısa siyasi bəyanat verilir, ya da Qarabağda avntüra həyata keçirilir. Çünki onlar münaqişənin ədalətli həllini istəmirlər. Əksinə, münaqişənin davam etməsində maraqlıdırlar”.


Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Vaşinqtonda ABŞ dövlət katibi Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri Bayramovla Mirozyan arasında danışıqların aparıldığı bir vaxtda separatçı ermənilərin Qarabağda növbəti dəfə gərginlik yaratmasının səbəblərindən danışarkən deyib.

Onun sözlərinə görə, Xankəndi şəhərində olan silahlı quldurlar sülhməramlıların nəzarətindədir və belə təxribatlarla Amerikada aparılan danışıqları pozmaq niyyəti güdülür. Odur ki, son təxribatlarda sülhməramlı adlandırdığımız Rusiya hərbi kontingentinin də məsuliyyəti var.

S. Cəlaloğlu erməni blogger Bağdasaryandan sitat da gətirib:

“İki gün əvvəl erməni blogger qeyd edib ki, ruslar həm Paşinyan hakimiyyətinə, həm də Azərbaycana qarşı çıxış etməmizi istəyirlər. Bunları təsadüfi hal saymaq doğru olmazdı. Bir daha deyirəm ki, Qarabağdakı ermənilər rus sülhməramlılarını tərki-silah etməli, orada sabitlik yaratmalıdır. Amma az qala 3 ildir ki, bunu etmirlər, əksinə, təxribata əl atırlar. Fevralın 26-da baş verənlər təxribatlar da bunu deyir. Bu halda Azərbaycan tərəfi haqlı olaraq cavab tədbirləri görür. Fərrux əməliyyatı da bu cür olmuşdu. Belə hallara qarşı tədbirlərin görülməsinə də təbii yanaşmaq lazımdır”.


Sərdar Cəlaloğlu

ADP sədri xatırladıb ki, 44 günlük müharibə zamanı Xankəndi də daxil olmaqla, Qarabağda yaşayan ermənilər ərazini tərk edərək Ermənistana qaçmışdı: “Üçtərəfli razılaşma imzalandıqdan sonra, rus sülhməramlıları erməniləri Xankəndiyə qaytarmağa başladı. Əslində rusların Qarabağa qaytardığı ermənilər onlara bağlı olanlar idi. Rusiyanın təsiri altında olmayan ermənilərin mütləq əksəriyyəti isə Qarabağa gəlməkdə vaz keçdi, indi də belə niyyətləri yoxdur. Çünki ermənilərin oyuna düşdüklərini görürlər. Odur ki, hazırda erməni təxribatlarında iki qüvvənin marağı var”.

Partiya sədri təxribatlarda maraqlı tərəf kimi birinci rusların, ikinci isə Xankəndi şəhərində oturub rus hərbi kəşfiyyatına bağlı olan silahlı ermənilərə başılıq edən şəxslərin adını çəkib: “Onlar bilirlər ki, rusların marağına əks proseslər onların da üzərindən xətt çəkəcək. Odur ki, təxribatlarda son dərəcədə maraqlıdırlar. Məhz bu qüvvələr Amerikada gedən danışıqların pozulmasını arzulayırlar. Ermənistanda olan və müharibə təbliğatı aparan qüvvələr təxribatlarda maraqlıdırlar. Yəni normal yaşamaq, müharibədən uzaqlaşmaq, sakitlik istəyən Qarabağdakı sadə erməni belə təxribatlarda maraqlı olmamalıdır və yəqin ki, maraqlı da deyil”.

Cəlaloğlu əlavə edib ki, Qarabağda rusların “xeyir-duası” ilə separatçılar təxribatlar törədir, bundan sonra dərhal Qərbdəki erməni diasporuna bağlı şəbəkələr fəallaşır: “Halbuki Qərb və onun siyasi firuqları bunda maraqlı olmamalıdır. Amma biz anlamalıyıq ki, burada Rusiyanın və Ermənistanın maraqları tam fərqlidir. Rusiya münaqişənin həllini əngəlləməyə çalışır. Ermənistan, erməni diasporu və onun Qərbdəki əlaltısı olan siyasətçilər isə çalışırlar ki, danışıqlar və sülh prosesinə Qarabağı da daxil etməklə hansısa güzəştlər əldə edə bilsinlər. Yəni Rusiya və Ermənistanın maraqları fərqlidir”.

ADP sədri sonda xüsusi bir məqamı da diqqətə çatdırıb: “Azərbaycan prezidenti çıxışlarından birində Qarabağdakı erməniləri nəzərdə tutaraq aministiyanın mümkünlüyünü bildirdi. Dərhal ABŞ tərəfi bəyanat verərək Əliyevin bu mövqeyini müdafiə etdi. Görünən odur ki, ABŞ indi Azərbaycanın irəli sürdüyü “yol xəritəsi”ni müdafiə edir. Həm də bilir ki, bu olmasa, regionda Rusiya, İran və ya Fransanın istədikləri ola bilər. Odur ki, indi ABŞ və Azərbaycanın Qarabağ məsələsində mövqeləri çox oxşardır. Hesab edirəm ki, baş verən təxribatlara baxmayaraq Azərbaycan vəziyyəti ciddi qiymətləndirib, prosesi inkişaf etdirməlidir”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər