Yaxın Şərq uğrunda geosiyasi döyüş yenidən başlayır - Politoloq
Tarix: 13-09-2023 10:25 | Bölmə: Slayd
Yaxın Şərq uğrunda geosiyasi döyüş yenidən başlayır

"Bundan əvvəl “Yaxın Şərq uğrunda alovlanmaqda olan savaş nə qədər davam edə və hansı nəticələrə gətirib çıxara bilər?”sualı ətrafında düşünmüşdüm. Suala cavab tapmaq üçün son 12 ildə baş verənlərin təhlili yetərincə olsa da, arxada qalan 4-5 gün zaman kəsiyi sualın əhəmiyyətini daha da artırır. Söhbət təbii ki, Hindistanın paytaxtında baş tutmuş G20 Sammiti çərçivəsində Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin (IMEC) yaradılması barədə imzalanmış anlaşma memorandumundan gedir. Memorandumu imzalayan tərəflər ABŞ, Almaniya, Avropa Birliyi (AB), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Hindistan, Fransa, İtaliya və Səudiyyə Ərəbistanı Krallığıdır (SƏK)".

Reyting.az
xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ə. Oruclu bildirib ki, IMEC Hindistandan SƏK və BƏƏ limanlarınadək, oradan isə dəmir yolu vasitəsilə İordaniya üzərindən keçməklə İsrail limanlarından (Aralıq dənizi vasitəsilə) Avropayadək uzanan böyük bir iqtisadi və nəqliyyat-kommunikasiya dəhlizidir: "IMEC layihəsi imzalandıqdan dərhal sonra Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin onu “game changer” (oyun dəyişən) adlandırması da təsadüfi deyil. IMEC qlobal nəqliyyat-kommunikasiya layihələri ilə bağlı bu günədək mövcud olan bütün planları əsaslı şəkildə dəyişir. Deməli, elə geosiyasətin özünü də.

Hələ bir neçə ay əvvəl demişdik ki, yeni geosiyasi konstruksiyanın formalaşması ərəfəsində olan dünyada istənilən, hətta ən ağlagəlməz əməkdaşlıq variantları istisna deyil”.


Ərəstun Oruclu

Ə. Oruclu əlavə edib ki, IMEC həqiqətən gözlənilməz oldu və onu imzalayan ölkələrin dəhlizin ən qısa zamanda işə salınmasında israrlı olduqları elə imzalanmış memorandumun özündən görünür:

“Memorandumu imzalayan tərəflərin üzərinə götürdüyü əsas öhdəliklərdən biri də qarşıdan gələn 60 gün ərzində fəaliyyət planı hazırlayaraq onu növbəti görüşdə təqdim etməkdir. Bununla da əvvəl daha aktiv müzakirə olunan “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin arxa plana keçmək ehtimalı artır. Bu isə geosiyasi mübarizə mərkəzinin Xəzər-Qara dəniz və Mərkəzi Asiya-Cənubi Qafqaz zolağından Fars körfəzi-Yaxın Şərq-Aralıq dənizi zolağına keçməsi deməkdir. Deməli, Yaxın Şərq uğrunda savaş da daha aktual olur.

Həm də ona görə ki, IMEC qlobal dəhlizlər uğrunda mübarizə aparan ölkələrin xeyli hissəsini oyundankənar vəziyyətə qoya bilər. Bunların arasında isə Çin və Rusiya kimi nəhənglərlə yanaşı, Türkiyə və İran kimi regional güclər də var ki, onların da hər biri Yaxın Şərqə birbaşa təsiri olan Yaxın Şərq ölkələrdir.

Bu mənada da müxtəlif regional və qlobal güclərin əvvəlki yazılarda qeyd olunduğu kimi, Yaxın Şərqdə hərbi güc toplaması təsadüfi deyil. Həm də ona görə ki, IMEC haqqında memorandumun imzalanması Yaxın Şərq uğrunda mübarizənin siyasi-diplomatik vasitələrlə aparılmasını əsaslı şəkildə məhdudlaşdırmış oldu”.

Politoloqun fikrincə, hərbi gücün effektiv olduğu məkanlar mövcud və potensial münaqişə ocaqlarıdır ki, onlar da Yaxın Şərqdə yetərincədir: “Aktiv və ya passiv fazada olmasına baxmayaraq, onların hər birindən IMEC əleyhdarlarının yararlanmaq istəyəcəyi istisna deyil. Belə münaqişələr isə əsasən Suriya, Yəmən və Fələstin-İsrail münaqişəsidir. Yəmənin İMEC-in marşrutundan coğrafi baxımdan uzaq olması bu ölkədəki daxili münaqişədən təsir vasitəsi kimi istifadə ehtimalını xeyli azaldır. Eyni zamanda, mövcud münaqişələrdən ikisinin - Suriya və Fələstin-İsrail münaqişələrinin aktivləşməsi ehtimalı isə arta bilər. İsrail-Fələstin münaqişəsindəki tərəflərin hərbi, siyasi və iqtisadi resursları arasında ciddi fərq olması bu münaqişənin də alovlanma ehtimalının yüksək olmadığını deməyə əsas verir.

Üstəlik, IMEC dəhlizində əsas ölkələrdən olan İsrail ərazisində (və ya onun sərhədləri yaxınlığında) destabilizasiya yaratmaq üçün mövcud olan sınanmış konflikt qalmaqdadır. Bu, Suriya münaqişəsidir. Bu dövlətdə həm də IMEC-ə qarşı çıxa biləcək ölkələrin (Çin xaric) hər birinin dayaqları mövcuddur.

Deməli, İMEC-ə dair Anlaşma Memorandumunun imzalanması Suriyaya nəinki sülh gətirmir, əksinə, bu ölkə ərazisində münaqişənin yenidən alovlanması riskini xeyli dərəcədə artırır. Təbii ki, IMEC marşrutu boyu, məsələn, Fars körfəzində yeni münaqişələrin qızışdırılması da istisna deyil. Bu halda onun münaqişədən böyük müharibəyə çevrilməsi ehtimalı da arta bilər".

E. KAMAL




Bölməyə aid digər xəbərlər