Azərbaycanın təklifi ilə BMT-də qətnamə qəbul edilib
Tarix: 14-10-2023 00:00 | Bölmə: Slayd
Azərbaycanın təklifi ilə BMT-də qətnamə qəbul edilib

12 oktyabr 2023-cü ildə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu İnkişaf hüququ üzrə qətnamə qəbul edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumata görə, İnkişaf hüququ Qoşulmama Hərəkatı üçün xüsusi əhəmiyyət kəsb edən və hərəkatın gündəliyində önəmli yer tutan əsas mövzulardandır.

Ölkəmiz Hərəkata sədrliyi dövründə İnkişaf hüququnun təşviq edilməsi və hüquqi bazasının gücləndirilməsi istiqamətində çoxsaylı addımlar atmış, inkişaf etməkdə olan ölkələrin mövqeyi və maraqlarının beynəlxalq müstəvidə irəlilədilməsində aktiv və nəticəyönümlü fəaliyyətlər aparıb.

Qoşulmama Hərəkatına üzv dövlətlərin dövlət və hökumət başçılarının 18-ci Bakı Zirvə Toplantısı (25-26 oktyabr 2019) və Hərəkatın Əlaqələndirici Bürosunun Bakı şəhərində keçirilmiş Nazirlər İclasının (5-6 iyul 2023) yekun sənədlərində inkişaf hüququnun təşviqi məsələsinə xüsusi vurğu edilib.

Şurada qəbul edilmiş bu qətnamə inkişaf hüququ üzrə özündə hüquqi öhdəlikləri ehtiva edən beynəlxalq sənədin ilk dəfə olaraq BMT Baş Assambelyasına təqdim edilməsinə yol açır.

Azərbaycan bundan sonra da BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli beynəlxalq formatlarda insan hüquqlarının ayrılmaz hissəsi olan inkişaf hüququnun təşviqi və irəlilədilməsində aktiv fəaliyyətini davam etdirəcəkdir.




Bölməyə aid digər xəbərlər