Yeni dünya düzəni formalaşır
Tarix: 16-10-2023 10:31 | Bölmə: Slayd
Yeni dünya düzəni formalaşır

“İndi dünyada müşahidə etdiyimiz proseslər şübhəsiz ki, yeni dünya düzəninin qurulması ilə əlaqəlidir. Bunun əsas mərkəzləri hazırda Ukrayna və Yaxın Şərqdir. Əlbəttə, bundan öncə, ilk addımın Güney Qafqazda atıldığını da deyə bilərik. Azərbaycan 44 günlük savaşla torpaqlarını işğaldan azad edərək sonda tam şəkildə bölgədə suverenliyini və ərazi bütövlüyünü təmin etdi. Bununla bölgədə yeni reallıqlar yaratdı. Məncə, bu, digər regionlarda gedən proseslərə də təsir göstərdi”.

Bunu Reyting.az-a siyasi şərhçi Oqtay Qasımov dünyada müşahidə olunan münaşiqələrin yeni dünya düzəninə təsirindən danışarkən deyib.

O. Qasımov bildirib ki, Azərbaycanın 44 günlük savaşı nəticəsində Orta Dəhliz-Zəngəzur dəhlizinin açılması məsələsi önəm qazanıb: “Bu da Çinin uzun illərdir həyata keçirməyə çalışdığı “Bir kəmər -bir yol” layihəsi kontekstində önəmli faktordur. Bu da nəticədə Çindən Avropaya gedən yüklərin həm zaman baxımından daha tez çatması, həm də daşımaların maya dəyərinin uyğun olmasını təmin edə bilər. Bu baxımdan yeni dünya düzəninin qurulmasına Güney Qafqazdan başladığını deyə bilərik”.

O. Qasımovun fikrincə, Ukrayna savaşı Güney Qafqazdan fərqli olaraq qlobal güclərin açıq formada toqquşması kimi qiymətləndirilə bilər: “Göründüyü kimi, Qərb bloku ilə Rusiya arasında gedən rəqabət və ziddiyyətlər Ukraynada ortaya çıxdı. Qərb Ukrayna vasitəsilə Rusiyanı neytrallaşdırmaq və zəiflətməklə əvvəllər olduğu kimi birqütblü dünyanı saxlamağa çalışır. Təbii ki, ABŞ belə düşünür, amma Çin, Rusiya və digər güclər çoxqütblü dünya düzəninin yaranmasında maraqlıdırlar. İndi Ukraynada baş verən müharibə yeni dünya düzəninin yaradılması istiqamətində gedən böyük proses və ya savaşdır”.

Siyasi şərhçi əlavə edib ki, İsrail-HƏMAS savaşı da yeni dünya düzənin yaradılması konteksində qiymətləndirilə bilər. Onun fikrincə, bütün proseslər bir-birilə əlaqəlidir: “HƏMAS-ın İsrailə hücumu, bu zaman yüzlərlə insanın əsir götürülməsi, öldürülməsi terror kimi qiymətləndirilir. Bu savaş uzun müddətdən bəri sakit dövrünü yaşayan Yaxın Şərqi müəyyən qədər alovlandırır. Hesab edirəm ki, burada da marağı olan böyük qüvvələr var. Baş verənlərə yerli və regional deyil, qlobal çərçivədə baxsaq yaşananların hansı qüvvələrin marağında olduğunu müəyyən etmək mümkündür. Prosesə Rusiyanın gözü ilə baxsaq Yaxın Şərqdə müharibənin alovlanması, dünyanın diqqətinin bura köklənməsi Moskvanın maraqlarına uyğundur. Çünki bu savaş davam etdikcə ABŞ, NATO və Qərbin diqqəti Yaxın Şərqə yönələcək. Başqa sözlə, diqqət Ukrayna savaşından yayınacaq, Kiyevə hərbi yardım məsələsində azalmalar müşahidə ediləcək. Məncə, Rusiyanın planlaması və düşüncəsi bunun üzərindədir.

İkincisi, İran da proseslərin mərkəzindədir. Ehtimal ki, bu terror hücumunun hazırlanması və planlaşdırılması İranın razılığı ilə baş verib. Təsadüfi deyil ki, bu hücumdan bir müddət əvvəl İran hərbi rəhbərliyi, xüsusilə Qüds qruplaşmasının komandanı Livanda Hizbullah və HƏMAS-ın nümayəndələri ilə müzakirələr aparıb. İranın burada məqsədi düşməni elan etdiyi İsraili üç tərəfdən mühasirəyə almaq siyasətini başa çatdırmaqdır. Livandakı Hizbullah, Qəzzadakı HƏMAS, Fələstindəki İslami Cihad və digər hərbi qruplaşmalar vasitəsilə hücumlar təşkil etməklə vəziyyəti gərginləşdirmək, Təl-Əvivi zəiflətmək niyyəti güdür”.

O. Qasımov bir müddət əvvəl yayılan bir xəbərə də diqqət yönəldib: “Xəbər yayıldı ki, İran nüvə araşdırmaları prosesində iki həftəyə nüvə silahı yaratmağa nail ola bilər. Bölgədə savaşın başlaması ilə İran da diqqəti üzərindən atmağa çalışır. Eyni zamanda bu savaşın başlamasının bir məqsədi də Hindistandan İsrail üzərindən Avropaya çıxış layihəsinin maneələrlə üzləşməsi ola bilər. Uzun müddətdən bəri İran, Hindistan və Ermənistan arasında müzakirə gedirdi. Guya Hindistandan İran və Ermənistan üzərindən Qara dənizə çıxmaqla Avropaya çıxış kommunikasiyasının reallaşdırılması haqda fikir mübadiləsi aparılırdı. İndiki variantda isə Hindistan Səudiyyə Ərəbistanı, İordaniya və İsrail üzərindən Avropaya çıxış təklif edilir. Bunun da həyata keçirilməsinə ölkələr razılaşıb, ABŞ prosesə açıq dəstək verir. Bu, həyata keçirilsə İran prosesdən kənarda qalır. Odur ki, İran bölgəni sabitsizləşdirməklə bu layihənin önünü kəsməyə çalışır. Bölgədəki özünün pozucu qüvvələri ilə buna cəhd edir. Bu qüvvələrdən biri də HƏMAS-dır. Həmçinin İsrailin HƏMAS-la savaşı ona gətirib çıxaracaq ki, bölgədəki ərəb ölkələrinin İsraillə münasibətlərində soyuqluq yaranacaq. Halbuki son illər İsrail bir sıra ərəb ölkələri ilə münasibətləri qaydaya salır, əlaqələrdə istiləşmə müşahidə edilirdi. İndiki savaş bu münasibətləri soyudacaq və bundan da udan İran olacaq”.

O. Qasımovun sözlərinə görə, indi İsrail-HƏMAS savaşı elə həddə çatıb ki, İsrail tərəfinin qəti və radikal qərarları anlaşılan olub: “İsrail rəhbərləri açıq şəkildə HƏMAS-ın məhv ediləcəyi haqda bəyanatlar verir, Yaxın Şərqdə yeni düzənin yaradılacağını anons edir. Görünən odur ki, bölgədə yeni düzənə mane olan qüvvələrin sıradan çıxarılmasına başlanılacaq. İlk hədəf də HƏMAS olacaq. Əgər İsrail prosesi başa çatdıra bilsə, bölgədə yeni formalaşma müşahidə ediləcək. Hesab edirəm ki, həm Qarabağ, həm Ukrayna, həm də İsrail-HƏMAS savaşı dünyada yeni düzənin formlaşması istiqamətində baş verən proseslərdir. Üzdə açıq görünməsə də, bunların bir-birilə əlaqəsi var”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər