Blinken etirazla qarşılanıb: ABŞ dövlət katibi Ər-Riyadda görüş üçün saatlarla gözləməli olub
Tarix: 16-10-2023 18:10 | Bölmə: Slayd
Blinken etirazla qarşılanıb: ABŞ dövlət katibi Ər-Riyadda görüş üçün saatlarla gözləməli olub

ABŞ dövlət katibi Entoni Blinken bazar günü Misir prezidenti Əbdülfəttah əs-Sisi və Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanı Vaşinqtonun İsrail-HƏMAS münaqişəsinə dair baxışını qəbul etməyə inandırmağa çalışarkən ərəb dünyasının ən güclü liderlərinin sərt müqaviməti ilə qarşılaşıb.

Reyting.az
xəbər verir ki, Ər-Riyadda Səudiyyənin başçısı ABŞ dövlət katibini axşam reallaşmalı olan, lakin vəliəhd şahzadənin növbəti səhərə qədər görünmədiyi görüş üçün bir neçə saat gözləməyə məcbur edib.

Görüş başlayandan sonra Məhəmməd “günahsız insanların həyatına son qoyan” hərbi əməliyyatların dayandırılmasının (İsrailin hücumunu nəzərdə tutur-red.) və Fələstin ərazisini su və elektriksiz qoyan Qəzzanın mühasirəsinin aradan qaldırılmasının vacibliyini bildirib.

Vəliəhd həmçinin, HƏMAS-ın kökünü kəsmək kimi maksimalist məqsədinə nail olmaqda İsraili dəstəkləyən ABŞ-ın siyasətinə birbaşa zidd olan münaqişənin hazırkı eskalasiyasını dayandırmağa çağırıb.



Qeyd edək ki, İslamın vətəni və onun iki ən müqəddəs məkanına ev sahibliyi edən Səudiyyə Ərəbistanı, ərəblərin münaqişə ilə bağlı təsəvvürlərinin formalaşmasında təsirli bir səsdir. Ər-Riyad fələstinlilərin müdafiəçisi rolunu dəyərləndirsə də, HƏMAS-ı daha böyük regional inteqrasiyaya maneə kimi görür, o cümlədən vəliəhdin İsraillə münasibətləri normallaşdırmaqla flört etməsini. Lakin Ər-Riyadı HƏMAS-ı qınamağa inandırmaq cəhdləri indiyə qədər uğursuzluqla nəticələnib və Səudiyyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzada həyata keçirdiyi geniş bombardman kampaniyasını “müdafiəsiz mülki əhaliyə” hücum kimi pisləyib.

ABŞ rəsmiləri şənbə günü Qəzza zolağı ilə Misir arasındakı Rəfah sərhədini İsrailin bombardmanlarından xilas olmaq istəyən ABŞ vətəndaşlarına müvəqqəti açmaq üçün Qahirə ilə razılığa gəliblər. Bu elan Qəzza zolağında təxminən 500-600 fələstinli amerikalının sərhədə qaçmasına səbəb olsa da, ABŞ və Misir rəsmiləri arasında sərhədin niyə yenidən açılmayacağı ilə bağlı ziddiyyətli şərhlər fonunda heç biri Misirə keçə bilməyib.

“İsrailin nəzarətində olmayan yeganə çıxış - Rəfah sərhəd-keçid məntəqəsi də Misirin koordinasiya etdiyi yardım qruplarının və dost ölkələrin Qəzzaya göndərməyə çalışdığı kritik ərzaq, su, yanacaq və dərman təchizatı üçün bağlı qalır. İsrailin hava hücumları keçən həftə nəzarət-buraxılış məntəqəsini zədələyib və İsrail Qəzza zolağına daxil olan yardım maşınlarına zərbə endirməmək öhdəliyi götürmək istəmir”,- adının açıqlanmasını istəməyən diplomatik rəsmi şənbə günü “The Posta” bildirib.

Bazar günü prezident Bayden ABŞ-ın münaqişə ilə bağlı humanitar səylərinə rəhbərlik etmək üçün keçmiş səfir Devid Satterfildi təyin edib. Blinken bildirib ki, Satterfild Qəzzaya yardımı koordinasiya etmək üçün bazar ertəsi Misirə gələcək.



Bazar günü Qahirədə prezident sarayında Blinkenlə görüşü zamanı Sisi deyib ki, İsrailin hücumları “özünümüdafiə haqqını” aşıb və “kollektiv cəzaya” çevrilib. Misir prezidenti Blinkenin İsraildə amerikalı diplomatın onun yəhudi irsinə istinad etdiyi son açıqlamalarına da münasibət bildirib:

“Siz dediniz ki, yəhudisiniz, mən isə Misirdə yəhudilərlə yanaşı böyümüş misirliyəm. Onlar heç vaxt heç bir təzyiqə və ya təqibə məruz qalmayıblar və regionumuzda heç vaxt yəhudilərin yaxın və ya qədim tarixdə zülmə məruz qalması baş verməyib”.

Sisi HƏMAS-ın israillilərə hücumunu pisləsə də, İsraili iki dövlətli həll yolunda irəliləyişin olmaması fonunda fələstinliləri ümidsizliyə sürükləməkdə ittiham edib. Sisi milli təhlükəsizlik şurası ilə görüşdükdən sonra ofisi “Fələstin məsələsinin gələcəyini araşdırmaq üçün” beynəlxalq zirvə toplantısına çağıran bəyanat yayıb. Blinken isə jurnalistlərə bu ideyanı dəstəklədiyini bildirsə də, “öncə bu böhrandan çıxmalıyıq”,- deyib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər