Saakaşvili Paşinyana çağırış edib: “Dərhal Azərbaycanla sülh müqaviləsi imzala və...”
Tarix: 18-10-2023 14:52 | Bölmə: Slayd
Saakaşvili Paşinyana çağırış edib: “Dərhal Azərbaycanla sülh müqaviləsi imzala və...”
Mixail Saakaşvili

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyana bir sıra məsləhətlər verib. Onun fikrincə, bu məsləhətlərə əməl olunarsa, Rusiya prezidenti Putin Paşinyanı “məhv edə” bilməyəcək. Bu məsləhətlərə Azərbaycanla dərhal sülh müqaviləsinin imzalanması da daxildir.

Reyting.az
-ın xəbərinə görə, Saakaşvili “X” mikrobloqunda yazıb ki, Ermənistanın və ümumiyyətlə, regionunun taleyindən çox narahatdır.

Sabiq prezident qeyd edib ki, Paşinyan hakimiyyətə “rəngli inqilab” nəticəsində gəldiyinə görə, Putin bunu heç vaxt ona bağışlamayacaq: “Xüsusilə də son bəyanatlarınızdan, siyasi addımlarınızdan və ələlxüsus da Roma Əsasnaməsinin təsdiqindən sonra - o, sizin qan düşməninizdir və əlində olan bütün imkanlarla - daxili iğtişaşlar, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək”.

Saakaşvili əlavə edib ki, Paşinyanın çox az vaxtı var. O, daha sonra eyham vurur ki, Paşinyan Kremlin “beşinci kolonu” olan dövlət aparatını təmizləməlidir.

“Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni şans verir. Müəyyən müddətdən sonra biz üç Baltikyanı ölkə kimi yaşaya bilərik - açıq sərhədlərlə, üç respublika bir-birlərinin üstünlüklərindən istifadə edərək bütöv bir logistika, maliyyə, enerji qovşaqları sistemi yarada bilər. Ancaq bunun üçün siz tələsməlisiniz”, - gürcü siyasətçi yazıb.

Saakaşvili bunun üçün Paşinyanı Rusiya hərbi bazasının Ermənistan ərazisindən dərhal çıxarılmasını, MDB, KTMT, gömrük ittifaqından çıxmasını tələb etməyə, Avropa İttifaqı və NATO-ya müraciət ünvanlamağa çağırır:

“Və nəhayət, siz açıq şəkildə bəyan etməli, dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində köklü dəyişikliklərə yol açmalısınız”.

Saakaşvili ümid edir ki, Paşinyanın “şəxsi və siyasi cəsarəti” Putini Ermənistanı və bütün regionu məhv etməyə imkan verməyəcək.

Y. QACAR




Bölməyə aid digər xəbərlər