Çin nüvə arsenalını artırır
Tarix: 20-10-2023 17:10 | Bölmə: Slayd
Çin nüvə arsenalını artırır

Çin nüvə arsenalının həcminə görə əvvəlki proqnozları üstələyib və indi daha çox silah istehsal edir. Bu barədə Pentaqonun yeni hesabatında bildirilir.

Reyting.az
-ın xəbərinə görə, “Politico” hesabata əsasən məqalə hazırlayıb. Bildirilir ki, may ayına olan məlumata görə, Çinin arsenalında 500-dən çox nüvə başlığı olub və bu, ötən illə müqayisədə təxminən 100 ədəd çoxdur.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) təxmin edir ki, Çin 2030-cu ilə qədər bu sayı iki dəfə artıraraq 1000-dən çox nüvə başlığına çatdıracaq.

Yüksək rütbəli müdafiə rəsmisi Çinin nüvə arsenalına dair son təxminlərin “əvvəlki proqnozları üstələyəcəyini” söyləyib, lakin daha konkret rəqəmlər sadalamaqdan imtina edib.

Ötən il Pentaqon Çinin 2030-cu ilə qədər 1000, 2035-ci ilə qədər isə 1500 döyüş başlığına sahib olacağını proqnozlaşdırıb.

“Onlar quruda, dənizdə və havada nüvə silahlarının çatdırılması platformalarını, habelə nüvə qüvvələrinin kifayət qədər əhəmiyyətli genişlənməsini dəstəkləmək üçün lazım olan infrastrukturu genişləndirir və sərmayə qoyurlar”,- ABŞ rəsmisi deyib.

Hesabata görə, Çin rəsmilərinin obyektlərin “dinc məqsədlər üçün” olduğunu deməsinə baxmayaraq, çox güman ki, Çin artan nüvə silahı proqramı üçün plutonium istehsalından ötrü yeni sürətli reaktorlardan və təkrar emal qurğularından istifadə edəcək.

Hesabata görə, Çin, ehtimal ki, 2022-ci ildə ən azı 300 yeni ICBM silosu da daxil olmaqla, üç yeni bərk yanacaq raket silosu sahəsinin tikintisini başa çatdırıb və siloslara “ən azı bir neçə” ICBM silosunu yükləyib.

Pekinin nüvə arsenalı hələ də Rusiya və ya ABŞ-dan xeyli kiçikdir. Yanvar ayına olan məlumata görə, Rusiyada 5889 nüvə başlığı var; ABŞ-da onlardan 5244-i mövcuddur. Bununla belə, Çin digər iki ölkənin arsenalının özününkündən qat-qat böyük olduğunu əsas gətirərək, ABŞ və Rusiya ilə silah danışıqlarında iştirakdan imtina edib.

Çinin hərbi ekspansiyası təkcə nüvə arsenalı ilə məhdudlaşmır. Əvvəlki illərdə olduğu kimi, Pekin öz donanmasını genişləndirməkdə davam edir, keçən il xidmətdə olan 340 gəmi bu il 370 olub.

Hesabatda Çinin Rusiya ilə “dərinləşməsi”ndən də bəhs edilir və Pekinin “Ukraynaya qarşı müharibədə Rusiyaya maddi dəstək verməyə diskret yanaşması” qeyd edilir. Güman ki, bu, Ukraynada döyüş meydanında Çin istehsalı olan bədən zirehləri və digər avadanlıqların komponentlərinin görünməsinə aiddir.

“Pentaqonun Çinin nüvə imkanlarına dair hesabatı qərəzlə doludur və faktları təhrif edir”,- bunu isə Çinin rəsmi nümayəndəsi Mao Ning bildirib.

“Birincisi, ABŞ-ın hesabatı, özündən əvvəlki oxşar hesabatlar kimi, faktlara məhəl qoymur, qərəzlərlə doludur və Çinin yaratdığı təhlükə nəzəriyyəsini yayır”,- deyə M. Ning əlavə edib və Pekinin nüvə silahlanmasında iştirak etmək niyyətində olmadığını bildirib:

“Çin özünümüdafiə və müdafiənin nüvə strategiyasına qətiyyətlə riayət edir, biz həmişə nüvə qüvvələrimizi milli təhlükəsizlik üçün lazım olan ən aşağı səviyyədə saxlamışıq və heç bir ölkə ilə nüvə silahı yarışına girmək niyyətimiz yoxdur”.

O qeyd edib ki, “nə qədər ki, hər hansı bir ölkə Çinə qarşı nüvə silahından istifadə etmir və ya onunla təhdid etmirsə, o, Çinin nüvə silahı ilə təhdid edilməyəcək”.

Pentaqon illik hesabatında Çinin may ayından etibarən 500-dən çox nüvə başlığına sahib olduğunu və 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığı olacağını proqnozlaşdırıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər