Azərbaycan və Türkiyə ordusunun birgə təlimi davam edir - (Video) - Yenilənib
Tarix: 23-10-2023 17:58 | Bölmə: Slayd
Azərbaycan və Türkiyə ordusunun birgə təlimi davam edir - (Video)

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb.

Reyting.az
Azərbaycan Müdafiə Nazirliyinə istinadla bildirir ki, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.

“Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

***

Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi davam edir.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, eləcə də Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının və Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növü mənsublarının iştirakı ilə keçirilən birgə təlimin növbəti mərhələsi icra edilib.

Plana uyğun olaraq şərti düşmən hədəflərinin dəqiq atəş zərbələri ilə məhv edilməsi, eləcə də əməliyyat rayonunun dərinliyindəki diversiya qrupunun zərərsizləşdirilməsi və girovların azad edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

Hər iki qardaş ölkənin təlimə cəlb edilən hərbi qulluqçuları qarşıya qoyulan bütün tapşırıqların icrasında xüsusi peşəkarlıq nümayiş etdirirlər.





Bölməyə aid digər xəbərlər