Musa Quliyev: “Azərbaycan öz tarixinin ən şanlı dövrünü yaşayır”
Tarix: 26-10-2023 14:19 | Bölmə: Slayd
Musa Quliyev: “Azərbaycan öz tarixinin ən şanlı dövrünü yaşayır”

“2023-cü il Azərbaycan tarixi baxımdan çox şanlı ildir, bu dövr tariximizə qızıl həriflərlə yazılacaq. Əgər 2020-ci ilin sentyabrın sonlarında başlayan müharibə ilə Azərbaycan işğal altında olan torpaqlarını azad etmişdisə, bu ilin aprelində Laçında qoyduğu sərhəd-keçid mənbtəqəsi ilə ərazi bütövlüyünü təmin etdi. Nəhayət sentyabrın 19-20-də keçirdiyi qısamüddətli antiterror əməliyyatı ilə terrorçu və separatçıları vurub ərazisindən çıxardı, onları ağ bayraq qaldırmağa məcbur etdi. Beləcə, Azərbaycan dövlətinin suverenliyi bütün ərazilərimizdə təmin olundu. Bu, çox şanlı və qüdrətli dövrdür ki, Azərbaycan yaşayır”.

Bunu Reyting.az-a Milli Məclisin üzvü, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, 20 sentyabrdan sonra baş verən hadisələr - Xankəndi, Xocavənd, Xocalı və digər rayonların Azərbaycan dövlətinin nəzarətinə keçməsi, prezident İlham Əliyevin həmin ərazilərdə dövlət bayrağını ucaltması tarix və dövlətçilik baxımından çox böyük hadisədir.

Komitə sədri bildirib ki, antiterror əməliyyatından sonra nəzarətə götürülən rayon və şəhərlərdə oktyabrın 15-də Azərbaycan dövlət bayrağının prezident İlham Əliyev tərəfindən ucaldılmasında qeyri-təbii heç nə yoxdur, çünki buna ən çox haqqı çatan Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır:

“Odur ki, burada təəccüblü heç nə yoxdur. Həm də diqqət edənlər görür ki, cənab prezident təkcə bayraq qaldırmır, ümumiyyətlə, il ərzində işğaldan azad edilən ərazilərə mütəmadi olaraq baş çəkir, orada təməlqoyma tədbirlərində iştirak edir, eləcə də onların açılış mərasimlərinə qatılır. Yəni cənab prezident işğaldan azad edilən ərazilərdə görülən işlərlə çox yaxından maraqlanır”.

M. Quliyev əlavə edib ki, Azərbaycan torpaqlarının cənab prezidentin hakimiyyətinin 17-ci və ya 20-ci ilində azad ediləcəyini heç kim hesablamamışdı: “O ayrı məsələdir ki, prezident İlham Əliyev həm fəaliyyəti, həm də gördüyü işlərlə Azərbaycanı buna hazırlayırdı. Hazırlığın hansı səviyyədə olduğunu ortaya qoyulan nəticə göstərir. Başqa bir nəticə güclü və qüdrətli Azərbaycan dövlətidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə indi Azərbaycan ən şərəfli tarixini yaşayır”.

M. Quliyev qeyd edib ki, Ümumilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlib, 1994-cü ildə Bişkek sazişini imzalamaqla atəşkəsə nail olduqdan sonra Azərbaycan dövlətçilik və güc toplamağa başlayıb: “Bəlkə də o dövrdə belə təməl atılmasaydı, biz indi ehtiyatla danışardıq. Bəli, Ümumilli lider hakimiyyətə qayıtmaqla güclü dövlətçiliyin təməlini qoydu, cənab prezident İlham Əliyevin dövründə isə bu proses hərtərəfli inkişaf etdirildi. Bu, çox böyük bir prosesin getməsinin nəticəsində ortaya çıxdı. Ümumilli lider Heydər Əliyev tərəfindən başladılan və cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən nəhəng proses nəticəsində Azərbaycan öz dövlətçiliyini, ərazi bütövlüyünü, suverenliyini tam bərpa edib. Bu çox tarixi və şanlı dövrdür”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər