ABŞ qlobal populyarlığını itirir, Çin, Rusiya və İran önə keçir
Tarix: 08-05-2024 18:33 | Bölmə: Slayd
ABŞ qlobal populyarlığını itirir, Çin, Rusiya və İran önə keçir

ABŞ qlobal güc kimi populyarlığını itirir. Bu, xüsusən də müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə qeydə alınır.

Reyting.az
xəbər verir ki, bu barədə “Politico” nəşri 2024-cü il Demokratiya Qavrama İndeksinin məlumatları əsasında yazıb.

Bildirilir ki, Amerikanın beynəlxalq reputasiyası 2023-cü ilin əvvəlindən, xüsusən də müsəlman ölkələrində - Vaşinqtonun Qəzza müharibəsində İsraili dəstəkləməsi səbəbindən pisləşir. Üstəlik, Avropa da bu tendensiyaya qoşulur.

“Bayden administrasiyası fəaliyyətə başlayandan bəri ilk dəfə olaraq Qərbi Avropanın bir çox ölkələri ABŞ haqqında sırf mənfi qavrayışa qayıdıb. Bu yüksəliş və eniş, mənfidən müsbətə və sonra mənfiyə doğru Almaniya, Avstriya, İrlandiya, Belçika və İsveçrədə nəzərə çarpır”, - indeksi tərtib edən “Latana” tədqiqat şirkətinın baş elmi işçisi Frederik Devoe deyib.

Bu arada, Asiya, Şimali Afrika, Yaxın Şərq və Latın Amerikasında Çin haqqında müsbət təsəvvürlər artır və nəticədə Avropada uzun müddət davam edən skeptisizmə baxmayaraq, Pekinə dair qlobal təsəvvürlər ümumilikdə müsbətə çevrilir.

Ukraynanın genişmiqyaslı işğalından sonra ilk günlərdə dünyada son dərəcə mənfi qarşılanan Rusiya - Avropa istisna olmaqla - əksər regionlarda öz imicini bərpa etmək yolunda görünür.

“Amerikanın populyarlığının aşağı düşməsi, Rusiya və Çinin mövqelərinin yaxşılaşması o deməkdir ki, Yaxın Şərq, Şimali Afrika və Asiyada sorğuda iştirak edən ölkələrin əksəriyyəti belə düşünür. Bütövlükdə ABŞ qlobal arenada əsas fiqur olaraq qalır, Qərbi Avropa müttəfiqlərinin əhalisi arasında isə çatlar əmələ gəlməyə başlayır. Buna paralel olaraq, Rusiya və Çin digər regionlarda populyarlıq qazanır”, - materialda qeyd edilir.

Məlumatlar “Latana” tədqiqat şirkəti və “Alliance of Democracies” qeyri-kommersiya təşkilatı tərəfindən 53 ölkədə keçirilən illik onlayn sorğu nəticəsində əldə edilib. 2024-cü il üçün məlumatlar fevralın 20-dən aprelin 15-dək toplanıb.

Qərb mediası yazır ki, Amerika və Qərbin Afrika ölkələri ilə əlaqələri pozulur və bu, gələcəkdə Rusiyaya adıçəkilən qitədə daha çox təsir göstərə bilər. Xüsusilə, Birləşmiş Ştatlar Afrikada Niger və Çad kimi çoxdankı müttəfiqlərinin ərazisindən qoşunlarını çıxarmalı olub. Afrikanın Sahel bölgəsindəki digər ölkələr də Rusiyaya yaxınlaşır. Bundan başqa, Sudan hökumətini dəstəkləyən Çin və İran da Afrikada öz təsirlərini genişləndirməyə çalışırlar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}