Ermənistanda itaətsizlik aksiyaları başlayıb - (Yenilənib) - Video
Tarix: 10-05-2024 11:22 | Bölmə: Slayd
Ermənistanda itaətsizlik aksiyaları başlayıb - (Yenilənib)

Sabah səhər saat 10:00-dan etibarən Ermənistanın bütün mümkün ərazilərində itaətsizlik aksiyaları keçiriləcək.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu hazırda İrəvanın Respublika meydanında keçirilən mitinqdə çıxış edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan bildirib.

“Tələbələri, universitetləri, pulu ən yüksək dəyər hesab etməyən bütün iş adamlarını, bütün digər təhsil ocaqlarını tətilə çağırıram. Heç bir təcavüz olmadan iki və ya üç gün tətil edək”, - deyən B. Qalstanyan rayon sakinlərinə də müraciət edib:

“Bu gecə qayıdın, orada da silsilə aksiyalara başlayın. Bu təzyiq bütün respublika ərazisində olmalıdır. Çünki bizə başqa yol qoymayıblar”.

Qeyd edək ki, mitinq zamanı yük maşınının sürücüsü avtomobili mitinq iştirakçılarının üzərinə yönəldib. Polis sürücünü saxlayıb. Baş yepiskop isə bildirib ki, ölən və yaralanan yoxdur.

Aksiyadan əvvəl Ermənistan hakimiyyəti hüquq-mühafizə orqanlarına “Hazır olun!” komandası verərək elan edib ki, təxribat törədən şəxslərə adekvat reaksiya olmalıdır.

***

Ermənistanın bəzi bölgələrində etirazçılar itaətsizlik aksiyaları keçirir.

Reyting.az
erməni mediasına istinadla xəbər verir ki, bir qrup etirazçı əllərində Ermənistan bayrağını tutaraq Azatutyan (Azadlıq) prospektini bağlayıblar.

Onlar işə tələsən sürücülərə səsgücləndiricilər vasitəsi ilə müraciət ediblər:

“Əziz həmvətənlər, onlar sizin vətəninizi təslim edirlər. Deyirsən ki, işə gedirsən. Sabah sizin bu işiniz olmayacaq. İtaətsizlik aksiyasına qoşulun”.

Qeyd edək ki, digər yerlərdə, o cümlədən rayonlarda küçələri bağlamağa cəhdlər edilir. İddiaya görə, İrəvan-Ararat avtomobil yolu bağlanıb.

Polis vətəndaşları yolu açmağa çağırır və hələlik güc tətbiq etmir.

Xatırladaq ki, bir gün əvvəl İrəvandakı Respublika meydanında keçirilən mitinq zamanı itaətsizlik aksiyaları elan edilib.



E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}