İran minə yaxın ballistik raket atmağı planlaşdırır
Tarix: 25-10-2024 13:40 | Bölmə: Slayd
İran minə yaxın ballistik raket atmağı planlaşdırır

İran İsrailin mümkün zərbəsinə cavab vermək üçün müxtəlif variantları nəzərdən keçirir. Tehranın hərəkətləri yəhudi dövlətinin hücum üçün seçdiyi hədəflərdən asılı olacaq.

Reyting.az
-ın məlumatına görə “New York Times” qəzeti mənbələrinə istinadla yazır ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xamenəi orduya İsrailin hücumuna onun ölçüsündən asılı olaraq cavab vermək üçün bir neçə plan hazırlamağı əmr edib. Əgər İsrailin hücumu ciddi dağıntılara və çoxlu itkilərə səbəb olarsa, İran sərt cavab verəcək.

Nəşrin mənbələri bildirir ki, yəhudi dövləti bir neçə hərbi bazaya, anbarlara raket və pilotsuz təyyarələrlə hücum etməklə kifayətlənərsə, Tehran buna cavab olaraq heç nə etməz. Mənbələr qeyd ediblər ki, İranın neft və enerji infrastrukturuna, nüvə obyektlərinə hücum, eləcə də yüksək rütbəli məmurların öldürülməsi halında cavab tədbirləri qaçılmaz və sərt olacaq.

Bildirilir ki, Tehran mümkün cavab tədbirləri kimi minə yaxın ballistik raket atmağı, İranın regiondakı müttəfiqlərinin hücumlarını gücləndirməyi, Fars körfəzi və Hörmüz boğazında qlobal enerji təchizatını və gəmiçiliyi dayandırmağı düşünür.

“New York Times” əlavə edib ki, İsrailin potensial zərbəsi ərəfəsində İran ordusunun müharibəyə hazır olduğu bildirilsə də, Tehran böyük münaqişədən qaçmağa çalışır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər