İlon Maskın Vladimir Putinlə gizli əlaqələri üzə çıxır
Tarix: 25-10-2024 14:28 | Bölmə: Slayd
İlon Maskın Vladimir Putinlə gizli əlaqələri üzə çıxır

Amerikalı milyarder, “SpaceX” şirkətinin qurucusu İlon Maskın mütəmadi olaraq Rusiya prezidenti Vladimir Putinlə gizli əlaqə saxladığını iddia edilir.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə ABŞ-nın “Wall Street Journal” (WSJ) qəzeti çıxış edib.

“Gizli görüş”dən məlumatı olan şəxslərin iddiasına görə, Mask və Putin bir çox mövzuda, o cümlədən geosiyasət, biznes və şəxsi məsələlərdə fikir mübadiləsi aparırlar.

Vaşinqton administrasiyasının Maskın texnologiyalarından həddən artıq asılı olduğunu bildirən mənbələrin sözlərinə görə, bu məsələ hökuməti “dilemma” qarşısında qoyub.

Mənbələr qeyd ediblər ki, hökumət Mask-Putin təmaslarına müsbət yanaşmasa da, administrasiya Maska onların səbəb ola biləcəyi mümkün təhlükəsizlik pozuntuları barədə heç bir xəbərdarlıq etməyib.

Mask uzun müddətdir Putinlə görüşmədiyini desə də, mənbələr onların əlaqə saxladıqlarını iddia edirlər.

Xatırladaq ki, Rusiya administrasiyası Maskdan 2023-cü ilin sonunda Tayvanda “SpaceX”-in Starlink peyk internet sistemini aktivləşdirməməyi tələb edib.

Bildirilir ki, hazırkı administrasiyadan bəzi səlahiyyətlilər, Maskın ABŞ-la bağlı “məxfi məlumatlara” çıxışı olduğu üçün bu təmasların təhlükəsizlik narahatlıqları yaratdığı fikrini bölüşürlər.

Onu da qeyd edək ki, Mask Putinlə kosmosla bağlı yalnız bir dəfə görüşdüyünü və bunun 2021-ci ilin aprelində baş verdiyini açıqlayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər