Daha bir neçə bank bağlanacaq - Ekspert
Tarix: 12-02-2019 10:12 | Bölmə: Slayd
Daha bir neçə bank bağlanacaq

Azərbaycanda daha iki bank bağlanmaq təhlükəsilə üzləşib. Yaxın vaxtlarda Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı qərarını açıqlayacaq.

Reyting.az-ın məlumatına görə, maliyyə bazarlarındakı mənbə Modern.az-a deyib ki, artıq hər iki bankın rəhbərliyinə rəsmi məktub da göndərilib. Bankların rəsmi olaraq bağlanması elan olunmasa da, artıq əmanətçilər öz əmanətlərini geri çəkmək istəyir. Amma bankların maliyyə resursları tükəndiyindən əmanətlərin geri qaytarılmasında problemlər yaşanır. Hər iki bankın adı məlum olsa da, müştərilər arasında yarana biləcək ajiotajı nəzərə alan mənbə, hələlik ad açıqlamaq istəməyib.

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bankların bağlanmaq təhülkəsinin yaranmasının səbəbini 2015-ci il devalvasiya ilə əlaqələndirib:

“Devalvasiyalardan sonra bankların mövcud durumu, vaxtı keçmiş kreditlərin geri qaytarılmasında yaranan problemlər, kapitallaşma səviyyəsinin aşağı olması və s. davamlı olaraq gedir. Proseslərin gedişində isə dövlət proqramı qəbul olunmadı, hökumət bankların xilası ilə bağlı hər hansı addımlar atmadı. Zəif banklar getdikcə daha da ağır duruma düşməyə başladılar.

İki yol var idi: ya bank təsisçiləri öz vəsaitləri hesabına kapitallaşmanı artırmalı, ya da Mərkəzi Bank ən azından uçot dərəcəsi səviyyəsində aşağı faizli kreditlər təklif etməli idi. Hər ikisi olmadı deyə, bəzi zəif banklar, hansı ki, sizin də dediyiniz kimi, adını çəkmək doğru olmazdı, kapitallaşma problemini həll edə bilmədilər. Problemli kreditlərin həcmi də həmin banklarda digərlərinə nisbətən daha yüksəkdir. Bu nəticəyə gəlmək olar ki, bu iki bankın timsalında daha bir neçə “çürük” bank bazarı tərk etmək məcburiyyətində qalacaq. Necə ki, bir neçə il əvvəl 10 bankın ard-arda bağlanmasının şahidi olduq. Bu il ərzində yuxarıda sadaladığım səbəblərdən iki və daha çox bankın bağlanması ehtimalı çox yüksəkdir”.

N. Cəfərlinin sözlərinə görə, hazırda təhlükə ilə üz-üzə qalan iki bankda da maliyyə resursları tükənib:

“Hətta müştərilərin öz əmanətlərini geri götürməsində müəyyən problemlərin yarandığı məlumdur. İndiki halda Əmanətlərin Sığortalanması Fondu həmin əmanətçilərə heç bir yardım göstərə bilməz. Fond yalnız bank bağlandıqdan sonra işə başlayacaq. Və çox güman ki, banklar bağlanacağı təqdirdə sığortalı əmanətlərin geri ödənişləri təmin olunacaq. Əvvəlki proseslərdə Mərkəzi Bank tərəfindən Fonda 500 milyon manata yaxın kredit verildi, bağlanan bankların içərisində “Bank Standart”ın əmanətçilərinə 400 milyondan yuxarı vəsaitin qaytarılmasını Fond üzərinə götürməyə məcbur oldu. İndi isə Fondun özünün vəsaiti yoxdur. Düşünürəm ki, bir müddət sonra Mərkəzi Bank Fonda vəsait ayırmağa vadar olacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər