Qarabağda antiterror əməliyyatı tələb olunur - Bəyanat
Tarix: 31-03-2019 14:42 | Bölmə: Slayd
Qarabağda antiterror əməliyyatı tələb olunur

Azərbaycan Liberal Demokrat Partiyasında (ALDP) iclas keçirilib.

ALDP-dən Reyting.az-a verilən məlumata görə, Fuad Əliyevin sədrliyi ilə keçirilən iclasda ictimai-siyasi vəziyyət, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü və Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanı müharibə ilə hədələyən bəyanatı müzakirə olunub.

Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ALDP sədri deyib ki, erməni faşıstləri Azərbaycan xalqına qarşı soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb.

Daha sonra ALDP bəyanat qəbul edib. Bəyanatda qeyd olunur ki, Azərbaycan Liberal Demokrat Partiyası Ermənistanın müdafiə naziri David Tonoyanın son müharibə bəyanatı ilə bağlı, Azərbaycan hakimiyyətinə öz kəskin etirazını bildirir:

“Azərbaycan hakimiyyətinin apardığı “sülh danışıqları” və son 3-4 ildə “Azərbaycan-Ermənistan sülh platforması” çərçivəsində erməniləri Azərbaycana gətirməsi Tonoyanın müharibə hədəsi ilə nəticələndi. 29 mart 2019-cu ildə ATƏT-in vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avstriyanın paytaxtı Vyanada keçirilən görüşün uğursuz, 25 ildən artıq gedən “sülh danışıqların” mənasız olduğunu bir daha sübuta yetirdi”.

ALDP hesab edir ki, Azərbaycan ATƏT çərçivəsində danışıqlarda iştirakını dayandırmalıdır: “Azərbaycan BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş 30 aprel tarixli 822, 29 iyul tarixli 853, 14 oktyabr tarixli 874 və 12 noyabr tarixli 884 saylı qətnamələri əsas tutaraq dövlətin ərazi bütövlüyü və suverenitetinin bərpası, işğal olunmuş torpaqların azad olunması üçün antiterror əməliyyatına başlamalıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər