12:34 / 08-09-2025
Sabah yağış yağacaq
Rusiyaya qarşı daha sərt sanksiyalar hazırlanır
Tarix: 08-09-2025 12:43 | Bölmə: Slayd
Rusiyaya qarşı daha sərt sanksiyalar hazırlanır

Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı müharibəni dayandırmaq üçün Rusiya prezidenti Vladimir Putinə təzyiq etmək məqsədi daşıyan son tədbirlər çərçivəsində Rusiya banklarına və enerji şirkətlərinə yeni sanksiyalar tətbiq edə bilər.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” məsələ ilə tanış olan şəxslərə istinadla yazıb.

Bu sanksiyalar paketi Rusiyanın Ukraynanı tammiqyaslı işğala başlanmasından bəri 19-cu olacaq. Belə məhdudiyyətlərə Aİ tərəfindən Rusiyanın ödəniş və kredit kartları sistemlərinə, kriptovalyuta birjalarına qarşı sanksiyaların tətbiqi daxil ola bilər. Aİ-nin Rusiya ilə neft ticarətinə əlavə məhdudiyyətlər də qoyması mümkündür.

Bildirilir ki, blok bəzi son tədbirlərini ABŞ-la birləşdirməyə ümid edir. Bu səbəbdən də Aİ rəsmilərindən ibarət nümayəndə heyəti bu həftə amerikalı həmkarları ilə görüşmək və birgə tədbirləri müzakirə etmək üçün Vaşinqtona səfər edəcək.

ABŞ-nın Maliyyə naziri Scott Bessent NBC telekanalına müsahibəsində deyib ki, Rusiyaya təzyiqi artırmağa hazırdırlar və Avropadakı tərəfdaşların dəstəyinə ehtiyacları var.

“Bloomberg”in mənbələri əlavə ediblər ki, Aİ-nin son məhdudiyyətlər paketinə Rusiyanın kölgə donanmasına, üçüncü ölkələrdəki neft treyderlərinə qarşı sərt sanksiyalar və siyahıda olan tankerlərin təkrar sığortasına mümkün qadağa daxildir.

Aİ, həmçinin, “Rosneft” kimi şirkətlərin hazırda istifadə etdiyi bəzi istisnaları aradan qaldıraraq, Rusiyanın böyük neft şirkətlərinə qarşı daha sərt sanksiyalar tətbiq edə bilər.

Eyni zamanda, blok Rusiya hərbi sənayesi tərəfindən istifadə olunan daha çox mal və kimyəvi maddələrin ixracına qadağa, habelə bu malları tədarük edən xarici şirkətlərə, o cümlədən Çin şirkətlərinə ticarət məhdudiyyətlərini müzakirə edir.

Qeyd olunur ki, Aİ ilk dəfə olaraq Qazaxıstana qarşı “anti-sanksiyadan yayınma alətindən” istifadə etməyi düşünür. Mənbələr bildiriblər ki, bu, Rusiyaya yönləndirilən müəyyən maşın dəstinin idxalına qadağa qoyulması demək olacaq.

Bununla belə, Aİ-nin təklif etdiyi sanksiyalar paketinin dəyişməsi də mümkündür, çünki bu, yaxın günlərdə və ya həftələrdə blokun paytaxtları ilə müzakirə olunacaq.

“Nəzərdə tutulan digər tədbirlərə viza məhdudiyyətləri, sanksiya tətbiq edilmiş kölgə gəmiləri ilə məşğul olan limanlara məhdudiyyətlər və hərbi əhəmiyyət kəsb edən süni intellekt kimi xidmətlərə sanksiyalar daxildir”, - mənbələr əlavə edib.

Onu da qeyd edək ki, daha əvvəl “Politico” yazıb ki, məhz ABŞ “vintləri sıxmağa” və Rusiyaya qarşı ağrılı sanksiyalar tətbiq etməyə qadirdir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər