16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İcra başçısının müavini məktəblinin intiharı ilə bağlı məsələyə aydınlıq gətirdi
Tarix: 21-04-2019 00:37 | Bölmə: Slayd
İcra başçısının müavini məktəblinin intiharı ilə bağlı məsələyə aydınlıq gətirdi

Səbail rayonundakı 162 saylı məktəbin şagirdi olmuş 14 yaşlı Elina Hacıyevanın intiharı ilə bağlı istintaq hərəkətləri aparılmaqla yanaşı, sosial şəbəkələrdə müzakirələr də davam edir.

Reyting.az
-ın məlumatına görə, sosial şəbəkə istifadəçiləri yeniyetmənin ölümündə adıçəkilən məktəbin rəhbərliyini ittiham edir və bildirirlər ki, onlar Elinanın vaxtında həkimə aparılmasına imkan verməyiblər. Hətta hadisə yerinə gələn rayonun rəhbər şəxslərinə yalan məlumat verməyə çalışıblar. İddia olunur ki, Elinanın özünü üçüncü mərtəbədən atmasını əvvəlcə rayon rəhbərliyindən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlətməyə çalışıblar.

Sonradan verilən rəsmi açıqlamada bildirildi ki, məktəbli hadisə baş verəndən 2 saat sonra təcili yardımla xəstəxanaya çatdırılıb. Təbii ki, vaxtında həkim müdaxiləsi olsaydı, bəlkə də yeniyetmənin həyatını xilas etmək mümkün olardı.

Sosial şəbəkə istifadəçiləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul şəxslərini də hadisəyə biganə yanaşmaqda, məsələyə vaxtında müdaxilə etməməkdə ittiham edirlər. Onlar haqlı olaraq yazırlar ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi rayonun icra başçısının müavinindən əvvəl hadisə yerinə gəlməli idi.

Qeyd edək ki, yayılmış videogörüntülərdən belə məlum olur ki, hadisədən sonra Elina Hacıyeva məktəbin direktoru Sevinc Abbasovanın otağına gətirilib və divana uzadılıb. Uzanmış halda ağrı çəkən yeniyetmə sorğu-suala tutulur və çəkiliş aparılır.

Bu məsələdə adı hallanan şəxslərdən biri də Səbail rayon icra hakimiyyəti başçısının müavini, YAP Səbail rayon təşkilatının sədr müavini, Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədri Xalidə Bayramovadır. Hətta yalan ya doğru olaraq bildirilirdi ki, Elinanı sorğu-suala tutan şəxslərdən biri də Xalidə Bayramova olub.

Bu səbəbdən Xalidə Bayramova aprelin 20-də Meydan TV-yə yazılı açıqlama göndərərək, baş verənlərə münasibətini bildirib. X. Bayramova sosial mediada və bəzi mətbu oraqanlarda hadisə ilə bağlı barəsində yazılanların həqiqətə uyğun olmadığını qeyd edib.

Reyting.az X. Bayramovanın Meydan TV-də yazdıqlarını diqqətinizə çatdırır:

“Bir sıra səbəblərdən, cəmiyyətimizi silkələmiş və ciddi narahat edən Elina Hacıyeva ilə bağlı faciəvi hadisəyə cəlb olunmuş durumdayam. Çox acı həqiqətdir ki, uşağı qaytarmaq mümkün deyil və buna görə onun bütün yaxınlarına və dostlarına başsağlığı verirəm.

Bugünə kimi dövlət məmuru və məsul şəxs olaraq hər hansı bir açıqlamadan və şərhdən yayınmışam. Və hesab edirəm ki, açıqlama verərkən diqqətli olmalıyam. Bütün hallarda, istintaq gedir və hüquq-mühafizə orqanları baş vermiş faciəyə obyektiv hüquqi qiymət verəcəklər.

Lakin bəzi məsələlər vardır ki, mətbuatda və sosial mediada spekulyasiya və manupulyasiya predmetinə çevrilmişdir və hansındakı mənim adım hallandırılır.

Aprelin 4-də səhər saat 09:57-də 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovadan mənə zəng oldu ki, şagirdlərdən biri pəncərədən yıxılıb. Mən, Səbail rayon İcra hakimiyyəti başçısının birinci müavini olmaqla yanaşı, yetkinlikyaşına çatmayan şəxslərlə iş üzrə rayon komissiyasının sədri və Uşaq Fondunun rayon şöbəsinin direktoruyam. Uşaqlarla iş mənim vəzifələrimə daxildir. Buna görə də belə bir zəng başadüşülən idi.

Zəngdən dərhal sonra birbaşa rəhbərim olan rayon içra hakimiyyəti başçısına hadısə barədə məlumat verdim və onun tapşırığı ilə qeyd olunan məktəbə getdim. Yolüstü baş vermiş hadisə haqqında polisə məlumat verdim. Məktəbə 11:01-də çatdım (bu barədə məktəbin kamerasında qeyd var). 6 dəqiqə sonra, 11:07-də mən təcili yardıma zəng etdim. Elinaya çatmaq, şəraiti öyrənmək və anlamaq ki, təcili yardım hələ də çağırılmayıb, 6 dəqiqə buna sərf olundu. Sosial şəbəkələrdə yayılan uşaqla birinci danışığın videoyazılışı mənim tərəfimdən təcili yardım gəldikdən sonra, həkim uşağı müayinə edərkən 11:16-da aparılıb və 14 saniyə çəkib.

Qalan videolar xəstəxanada həkimlər Elinanı müayinə edən zaman tərəfimdən çəkilib. Belə çətin vəziyyətlərdə videoçəklişin aparılması praktikasına uzun illərdir malikəm. Belə etməklə məqsədim baş verən prosesin maksimum şəffaflığını təmin etmək, hadisənin sonrakı araşdırılması üçün faktları qeyd etmək olub.

Xəstəxanada sadəcə, müşahidə etmirdim, Elinan həyata qaytarılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Bu zaman keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil.

Sözügeden video mənim tərəfimdən Elinanın faciəvi ölümündən sonra anasının xahişi ilə ona verildi. Belə ki, bu çəkiliş ondan, hələ canlı, gözəl, ağıllı və xeyirxah qızdan qalan son xatirə idi.

Sosial mediada və mətbuatda hadisə ilə bağlı adımın hallandırılması və yazılanlar həqiqətə uyğun deyildir. Mənim hərəkətlərimdə kömək etmək istəyi və ürəkyanğısından başqa digər motivlərin axtarılması qoy axtaranların vicdanında qalsın”.

Onu da qeyd edək ki, baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, məktəbin direktoru, direktor müavini və psixoloq işdən çıxarılıb. Direktor Sevinc Abbasova aprelin 15-də Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}