16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qadınlar Qarabağ Forumu keçirib - Foto
Tarix: 24-04-2019 19:45 | Bölmə: Slayd
Qadınlar Qarabağ Forumu keçirib

Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində Qarabağa dair Qadınlar Forumu keçirilib.

QAT-ın mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Forumda qadın döyüşçülər, ictimai təşkilat nümayəndələri, Müdafiə nazirliyinin, digər rəsmi qurumların təmsilçiləri, yaradıcı-yazar xanımlar, iqtidar və müxalifət partiyalarına mənsub şəxslər və digərləri iştirak ediblər. “Qələbə səninlədir, Azərbaycan əsgəri!” mövzusunda keçirilən Forum gənc Azərbaycan ordusunun 1920-ci ilin martında işğalçı Ermənsitan qoşunları üzərində qazandığı parlaq qələbənin 99 illiyinə həsr olunub.

Tədbir şəhidlərimizin xatirəsinə sayğı duruşu və dövlət himninin ifası ilə başlayıb. QAT-ın təmsilçisi, pedaqogika üzrə fəlsəfə doktoru Məlahət Mürşüdlü açılış sözü deyib, tədbirin məram və məqsədini diqqətə çatdırıb.

Sonra tarix elmləri doktoru Firdovsiyyə Əhmədova mövzu ilə bağlı geniş məruzə edib. Məruzə ətafında ictimai xadimlər Arifə Hüseyinli, Jalə Cəfərova, Müdafiə nazirliyinin təmsilçisi Zümrüd Səmədova, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvü, “Simurq” birliyinin vitse-prezidenti Svetlana Bayramova, Müsavat partiyasının Divan üzvü Başxanım Abbasova, ictimai xadim Mehriban Abdullayeva, hərbi jurnalistlər Əntiqə Qonaq və Aidə Eyvazlı, ilahiyyatçı-yazar Mənzər Ağayeva, Qarabağ döyüşçüsü Təranə Səfərsoy və digərləri çıxış edərək, torpaqlarımızın yalnız hərbi yolla azad ediləcəyini bildirib, müharibənin başlanmasını tələb ediblər.

Sonda çıxış edən QAT sədri Akif Nağı deyib ki, qadınların potensial imkanlarından Qarabağa azadlıq tələbinin daim gündəmdə saxlanılması və cəmiyyətin səfərbər olunması üçün geniş istifadə edilməlidir:

“Biz ölkədə ortaq məxrəcə gələrək, birlikdə hərəkət etməli, qadınların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsinə nail olmalı, Qarabağın azadlığı naminə birlikdə çalışmalıyıq”.

Forum iştirakçıları sonda qətnamə qəbul ediblər. Sənəddə yazılır:

“Azərbaycan Cümhuriyyətinin şanlı səhifələrindən biri də gənc ordumuzun Qarabağda erməni-daşnak birləşmələri üzərində qələbə qazandığı tarixdir. O möhtəşəm gündən 99 il ötür. Məkrli qonşular keçən əsrin əvvəllərində gerçəkləşdirə bilmədikləri niyyətlərini əsrin sonlarında reallaşdırmağa başladılar. 1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizmi əslində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarında olduğunun əsas göstəricisi idi. Bir müddət sonra bütün dünya Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünün şahidi oldu. Nəticədə Dağlıq Qarabağ və ətraf 7 rayon, ümumiyyətlə, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi, Xocalı soyqırımı baş verdi. Bu işğal faktı hələ də davam edir. 25 ildən artıq davam edən, Beynəlxalq hüquq normalarına zidd olan bu təcavüzün dinc yolla həll edilməsi üçün xeyli təşəbbüslər irəli sürülmüşdür. BMT TŞ-nin dörd məlum qətnaməsi, ATƏT-in Minsk qrupunun bir-birinin ardınca “mərhələli”, “paket”, “ümumi dövlət”, “Madrid prinsipləri”, Paris və Ki-Uestdə keçirilən görüşlərdə irəli sürülən təkliflər, Lissabon və Budapeşt sammitlərində qəbul olunan qərarlar və s. təşəbbüslər bu sıraya daxildir.

QAT-ın təşkilatçılığı ilə keçirilən Qadınlar Forumu bəyan edir ki, ölkəmiz hər zaman öz ərazi bütövlüyünü bütün vasitələrlə, o cümlədən hərbi yolla bərpa etməkdən imtina etməməlidir. Hesab edirik ki, hərbi yol Azərbaycanın münaqişənin dinc vasitələrlə həll edilmədiyi halda atacağı doğru addımdır. Hazırda Minsk qrupunun səyləri, hər iki ölkə başçıları səviyyəsində aparılan danışıqların nəticə vermədiyi açıq-aydın məlumdur. Bu hal regionda bütün sahələrdə əməkdaşlığa, demokratiyanın inkişafına, hər iki ölkənin silahlanmasına, eyni zamanda Rusiyanın müdhiş güc olaraq qalmasına şərait yaradır”.

Forum iştirakçıları bugünkü məruzə, onun ətrafında olan müzakirələrdən və yaranmış vəziyyətdən çıxış edərək dövlətimizin ərazi bütövlüyünü təmin etmək üçün aşağıdakı fəaliyyət istiqamətlərini müəyyənləşdirməyi təklif edir:

“1. Münaqişənin beynəlxalq tələblərə cavab verən ədalətli həlli.

2. Siyasi-iqtisadi təzyiqlərin artırılması.

3. Hərbi yolla ərazi bütövlüyünün təmin edilməsi.

4. Torpaqlarımızın erməni quldurlarının terror birləşmələrindən azad edilməsi.

5. Xalq diplomatiyasının bütün formalarına, o cümlədən jurnalist səfərlərinə imkan verilməməsi.

Azərbaycan əsgəri, indi söz sənindir!

Biz, Forum iştirakçıları Sizi 99 il bundan əvvəl Qarabağda dədələrimizin erməni – daşnak birləşmələri üzərində qazandığı tarixi zəfər yürüşünü davam etdirməyə çağırırıq.

Qələbə səninlədir, Azərbaycan əsgəri!”

Qadınlar Qarabağ Forumu keçirib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}