Memarlar İttifaqı İçərişəhərdəki vandalizm aktına göz yumur - Foto+Yenilənib
Tarix: 25-04-2019 15:43 | Bölmə: Slayd
Memarlar İttifaqı İçərişəhərdəki vandalizm aktına göz yumur

“İçərişəhərin qala divarlarının bir hissəsini söküb kafe tikirlər. Keçmiş "Sovetski"də tarixi abidələrin bəzilərini, eləcə də tanınmış şəxsiyyətlərin yaşadığı evləri dağıtdılar”.

Reyting.az
-ın məlumatına görə, bunu Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa İçərişəhərin qala divarlarına bitişik yerdə iaşə obyektinin tikilməsinə münasibət bildirərkən qeyd edib.

F. Mustafa bu vandalizm aktı ilə bağlı yazıb ki, bugünkü insana olan biganəliyimizi tarixin daşlarına qarşı da davam etdiririk: “Acınacaqlısı odur ki, bu işi görənlər ictimai qınağı da nəzərə almaq istəmirlər".

Millət vəkili qeyd edib ki, mərhum şairimiz Vaqif Səmədoğlu illər öncə İçərişəhəri "Biçarə şəhər" adlandırıb:

"İndisə yalnız biçarə qalan İçərişəhər deyil, hamımızıq. Yəni hər hansı bir zərərli tendensiyanı dayandırmaq imkanımız yox. Çünki Qanundan öncə Qaydalar işləyir və Qanun Qaydanı özünə tabe etdirə bilmir.

Xatırlayırsınızsa, Yasamal rayonunda “20 Yanvar” metrostansiyasına yaxın ərazidə ağacların dibinə kimyəvi turşu tökmüşdülər, hamısı bir neçə günün içərisində məhv oldu. Başqa yerlərdə də baş verən ağac qətliamına son qoymaq imkanımız yox. Yəni İçərişəhər də təqribən ağaclara bənzər formada “əridilir”. Halbuki, tarixin bu nadir incisinə toxunmaq, bir daşını da cızmaq, sındırmaq olmaz”.

F. Mustafa sonda İçərişəhər haqqında bunları yazıb: “Biçarə şəhər... İçəri şəhər... Bir azdan da Köçəri şəhər..."

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə isə İçərişəhərdə aparılan tikinti işlərinə münasibət bildirməkdən imtina edib.

O, "Report”un əməkdaşı ilə söhbətində hazırda ölkədən kənarda olduğunu deyib: "Mən hazırda Moskvadayam, Bakıda deyiləm. İçərişəhər məsələsinə heç bir münasibət bildirmək istəmirəm”.

Qeyd edək ki, İçərişəhərdə aparılan tikinti işləri mövzusu mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə açıqlama verərək aparılan tikinti işlərinin qala divarlarına və ümumiyətlə, İçərişəhərə ziyan vurmadığını bildirib.

Memarlar İttifaqı İçərişəhərdəki vandalizm aktına göz yumur

***

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi şəhər ərazisindəki tikinti ilə bağlı son günlər yayılan xəbər və iddialara bu gün cavab verib.

Reyting.az-ın məlumatına görə, İdarədən bildiriblər ki, İçərişəhərdə tikinti ilə bağlı dünəndən paylaşılan fotogörüntülər 2011-ci ildə çəkilib: "Həmin görüntülər həqiqətlə tamamilə ziddiyyət təşkil edən qərəzli addımların bir nümunəsidir.

İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür.

Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib.

Məsələnin kökündə isə əslində Sovet erası zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirmiş və düz divarın çəkilməsi ilə nəticələnib”.

Məlumatda daha sonra bildirilib ki, "İçərişəhər” DTMQİ fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görüb: "Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilmiş, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.

Reyting.az




Bölməyə aid digər xəbərlər