Təhsil Nazirliyi: “Orta məktəblərdə ayrıca dini fənn tədris olunmayacaq”
Tarix: 29-04-2019 16:26 | Bölmə: Slayd
Təhsil Nazirliyi: “Orta məktəblərdə ayrıca dini fənn tədris olunmayacaq”

Gələn tədris ilindən Azərbaycanda 4-8-ci sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı yeni "Həyat bilgisi" dərsliklərindən istifadə etməsi nəzərdə tutulur.

Reyting.az
-ın məlumatına görə, bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, 4-8-ci sinif şagirdləri üçün yalnız "Həyat bilgisi"nin deyil, digər fənlər üzrə də dərsliklərin təkmilləşdirilmiş nəşri hazırlanır. Hazırda həmin dərsliklər ictimai müzakirədədir.

C. Valehov əlavə edib ki, "Həyat bilgisi" dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib.

Nazirlik rəsmisi bildirib ki, təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

O, orta məktəblərdə ayrıca dini fənnin keçirilməsinin gündəmdə olmadığını da nəzərə çatdırıb.

Ali təhsil müəssisələrinə gəldikdə, C. Valehov deyib ki, təhsil naziri Ceyhun Bayramovun “Bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik barədə” əmrinə əsasən, 2019-2020-ci tədris ilindən etibarən bakalavriat səviyyəsi üzrə “Multikulturalizmə giriş” fənninin proqramına “Dinlər tarixi” adlı mövzuların daxil edilməsi təmin ediləcək.

“Dinşünaslıq” və “İslamşünaslıq” ixtisaslarının yer aldığı ali təhsil müəssisələrində isə “Dinlər tarixi” fənni ayrıca fənn kimi tədris olunur.

Onu da qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək və tələbələr həmin dərslərdən imtahan verəcəklər: “İslam dini onların içərisində daha yüksək yer tutur. Artıq həmin dərsliklər hazırlanıb. Təhsil Nazirliyi həmin dərslikləri Dövlət Komitəsinə göndərib. Bütün orta məktəblərdə tədris proqramlarına geniş şəkildə İslam dini haqqında məlumatlar əlavə edilib".

Reyting.az




Bölməyə aid digər xəbərlər