Goranboyda 5 mərtəbəli yaşayış binasının bir bloku çöküb - Fotolar
Tarix: 26-11-2025 23:49 | Bölmə: Slayd
Goranboyda 5 mərtəbəli yaşayış binasının bir bloku çöküb

Goranboyda yararsız hala düşən 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saat 21 radələrində qeydə alınıb.

Məlumata görə, sözügedən binanın bloku anidən uçub. Əvvəldən sakinlər köçürüldüyü üçün hadisə zamanı binada heç kim olmadığı üçün xəsarət alan olmayıb.

Əraziyə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN aran regional mərkəzinin rəisi Ramin Orucov, rayon polis şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri, həmçinin FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri də cəlb edilib. Ərazidə hazırda tədbirlər görülür.

Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komisiyasının sədri Seymur Nazarov bildirib ki, bir neçə gün əvvəl Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən 60 mənzili binanın 5-ci girişinin birinci mərtəbəsi uçmuşdu. Həmin gündən rayonda FH komissiyasının və aidiyyəti qurumların iştirakı ilə sakinlər təxliyə edilmişdi və binada yaşayış yox idi.

“Bu gün axşam saat 21:30 radələrində binanın 5-ci girişi tamamilə çöküb. Aparılmış tədbirlər nəticəsində əhalinin girişi məhdudlaşdırıldığı üçün binada heç kəs olmayıb. Buna görə də xəsarət alan yoxdur. Rayonun bütün qurumları hadisə yerindədir”, - o əlavə edib.

Qeyd edək ki, noyabrın 23-ü sözügedən binanın 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçması ilə əlaqədar 60 ailə evakuasiya edilmişdi.







Bölməyə aid digər xəbərlər