Ərdoğan: Rusiya və Ukrayna arasında birbaşa danışıqlar İstanbulda keçirilə bilər
Tarix: 26-11-2025 18:59 | Bölmə: Siyasət
Ərdoğan: Rusiya və Ukrayna arasında birbaşa danışıqlar İstanbulda keçirilə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna məsələsi ilə bağlı Könüllülər Koalisiyası liderlərinin onlayn görüşündə iştirak edib.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran “NSosyal” sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, görüşdə Ukrayna ilə Rusiya arasında müharibədə son vəziyyət, müharibənin dayandırılması istiqamətində atılacaq addımlar və sülh təşəbbüsləri müzakirə olunub.

“Görüşdə prezident bildirib ki, Türkiyə ədalətli və davamlı sülhün tezliklə əldə olunması məqsədilə tərəflər arasında birbaşa təmaslara yardım etmək üçün diplomatik səylərini davam etdirəcək. Prezident Ərdoğan vurğulayıb ki, tərəflər arasında birbaşa danışıqlar İstanbulda keçirilə bilər. Türkiyə bu məqsədlə həm Ukrayna, həm də Rusiya ilə əlaqələri davam etdirir”, - Duran qeyd edib.



Prezident həmçinin bildirib ki, enerji və liman infrastrukturunu əhatə edən atəşkəs tərəflərin hərtərəfli sülh sazişi üzrə danışıqlar aparması üçün əlverişli əsas ola bilər.

Görüşdə 35 ölkənin nümayəndələri iştirak edib və davamlı sülhün əldə olunması üçün atılmalı olan addımlar barədə fikir mübadiləsi aparılıb.

Onlayn görüşdə Rəcəb Tayyib Ərdoğanla birlikdə vitse-prezident Cövdət Yılmaz, xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, Təhlükəsizlik və Xarici Siyasət Şurası sədrinin müavini Çağrı Erhan, həmçinin Ədalət və İnkişaf Partiyasının sədr müavini və sözçüsü Ömər Çelik də iştirak ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər